Referendum nəsimililərin həyatında unudulmaz günə çevrildi
21 saylı Nəsimi seçki dairəsinin əksər məntəqəsi paytaxtın iri yaşayış massivlərindən olan I--V mikrorayonlarda yerləşir. Məntəqələrin açıldığı ilk dəqiqələrdən ötən səsvermələrdə müşahidə etdiyimiz seçici fəallığının bu dəfə bir az da artdığı açıq – aydın görünürdü. Seçicilərin bir çoxu səsverməyə ailəlikcə gəlirdilər. Adamların ölkənin həyatında önəmli hadisə olan ümumxalq səsverməsinə yüksək vətəndaşlıq münasibəti onların xoş əhval-ruhiyyələrindən, bir-birilə səmimi görüşüb-söhbətləşməklərindən də aydın duyulurdu.
Dairənin, əsasən, ərazidəki məktəblərdə yerləşən məntəqələrinin qarşısına toplaşmış sakinlər sıxlıq olmasın deyə içəriyə hissə-hissə buraxılırdı. 5 saylı məktəbdəki 15 saylı məntəqənin giriş qapısında daha çox adam toplaşmışdı. Səs verib arxa qapıdan bayıra çıxanlar da yenidən bura qayıdır, toy-bayramda olduğu kimi, qonşu və dost-tanışlarla bu günün duyğu-düşüncələrini bölüşürdülər...
İçəri buraxılanlar baş barmaqları yoxlanıb, şəffaf mürəkkəb çəkiləndən sonra sıra ilə əyləşmiş komissiyası üzvlərinə yaxınlaşırdılar. Bu canlı konveyerin önündəki seçicilər şəxsiyyət vəsiqəsini təqdim edib səsvermə büllüteni alır, boş kabinələrə keçib seçimlərini istədikləri kimi gerçəkləşdirirdilər. Səliqə ilə qatladığı büllüteni şəffaf qutuya atan yaşlı qadına yaxınlaşdıq. "Səhiyyə və sağlam həyat" ictimai birliyinin rəhbəri olduğunu deyən Lətafət Əlizadə ürək sözlərini belə ifadə etdi:
Bu gün hər birimizin həyatında unudulmaz bir hadisədir. Olkəmizin baş qanununa düzəliş və əlavələr bizim seçimimizə və təsdiqimizə verilib. Xalqın iradəsinin hakim olması demokratik cəmiyyətin əsas şərtlərindən biridir və bu gün biz belə bir ali missiyanın iştirakçılarıyıq. Mən təklif olunan dəyişikliklərlə qabaqcadan dərindən tanışam. Hətta təşviqat qruplarında izahat işlərinə də qoşulmuşam. Mövqeyimi gizlətmirəm: bülletendəki 29 bəndin hamısına "hə" dedim. Həmişə qurur duyacağam ki, konstusiyamızın daha da mükəmməl olmasına mən də səs vermişəm.
Səsverməyə ailəsi ilə gəlmiş Qarabağ müharibəsinin iştirakçısı Kavı Lalayev də konstutusiyaya dəyişiklikləri dəstəklədiklərini söylədi, bu yeniliklərin tezliklə hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər yaradacağına inandığını vurğuladı. Elə bu vaxt müsahibim və ailə üzvləri qarşıdan gələn bir neçə nəfərlə səmimi görüşdülər. Kavı onları təqdim edib dedi ki, Qarabağ müharibəsində onurğasından yaralanıb ömürlük əlil arabasına möhtac olmuş Yaşar Mirzəyevin həyat yoldaşı Məhəbbət xanım, oğlanları Elçin, Elnur, Elməddin, qızı Arzu, gəlinləri Ballı və Lamiyədir. Məhəllədə hamı bu ailənin xətrini əziz tutur. Halal zəhmətləri ilə dolanır, xeyirdə- şərdə yaxından iştirak edirlər. Bütün seçkilərə də bax beləcə, hamılıqla gəlirlər. Yəqin, indi Yaşarın özü üçün də evə səsvermə qutusu aparacaqlar. Bu gün həm də bu ailənin sonbeşiyi Elməddinin toyudur. Biz qonşuların bugünkü şən əhvalı axşam şadlıq sarayında davam edəcək.
Az sonra komissiya üzvləri Yaşar Mirzəyevin evinə bülleten və səyyar qutu apardılar. Biz də bu prosesdə iştirak etdik. Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərə səs verən keçmiş döyüşçü bildirdi ki, bu gün onun ailəsi üçün ikiqat toy-bayramdır – səhər ümumxalq səsverməsində iştirak etdilər, axşam isə oğlunun toyudur. Bu xoş təsadüfün sonsuz sevinci ailənin yaddaşında ömürlük qalacaq.
21 saylı DSK-dan öyrəndik ki, 29 məntəqənin hamısında 33802 seçicinin normal səs verməsi üçün yüksək şərait yaradılmış, prosesin ahəngdar keşməsi təmin olunmuşdur. Bir sıra ünvanlarda müşahidə kameraları qoyulmuş, səsverməni müxtəlif siyasi partiya və ictimai qurumların nümayəndələri, eləcə də xarici missiyaların təmsilçiləri sərbəst müşahidə etmişlər. Axşam səsvermə bitəndən sonra dairə komissiyasından məlumat aldıq ki, seçicilərin 62,1 faizi referendumda öz rəyini ifadə etmişdir.
200 mindən çox əhalinin yaşadığı Nəsimi rayonunun 22 saylı seçki dairəsində 39501 seçicini əhatə edən 28 daimi məntəqədə, xəstəxanalarda və hərbi hospitalda yaradılmış 6 müvəqqəti məntəqədə də səsvermə mütəşəkkil keçmiş, Seçki Məcəlləsinin tələblərinə tam əməl olunmuşdur. Bu dairədə isə seçilərin 61,74 faizi məntəqələrə gələrək səsvermədə iştirak etmişdir.
Tahir Aydınoğlu “Xalq qəzeti”