Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda ahıl vətəndaşlar diqqət və qayğı ilə əhatə olunmuşlar

30 sentyabr 2016 | 16:00

Hər il oktyabr ayının 1-ində  dünyanın bir çox ölkələri Beynəlxalq  Ahıllar gününü qeyd edirlər.

BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.

Bu məsələyə Respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.  1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökümət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər.

Azərbaycan Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə ölkə Prezidenti İlham Əliyev 2006-cı il aprelin 17-də “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalamışdır.

1 Oktyabr Beynəlxalq Ahıllar günü münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər təşkil olunmuşdur. Əlamətdar günlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu  ilə görüş keçirilmişdir. Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmişdir.       

Bildirmişdir ki, yaşlılar da  cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Qeyd olunmuşdur ki, Azərbaycandakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardağı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi  inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində  pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılmışdır. Qarşıdakı illərdə də pensiya və müavinətlərin artırılması nəzərdə tutulmuşdur.

Bu gün Nəsimi rayonunda əhalinin 13189 nəfərinin yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 5702 nəfəri kişi, 7487 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 279 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 279 ahıl vətəndaşdan  260 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 204 nəfəri qadın, 53  nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 19 nəfəri I qrup əlil, 35 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 6 nəfər sakin yaşayır.Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri barədə məlumat vermiş, rayonun sosial-iqtisadi inkişafı üçün görülməsi nəzərdə tutulan işlərdən danışmış və bildirmişdir  ki, bu işlərin həyata keçirilməsində yaşlı nəsil nümayəndələrinin hər zaman  məsləhət və təkliflərinə böyük ehtiyac vardır.

Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranları Ağababa İskəndərov, Əli Səfərov və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmış  və bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə  öz minnətdarlıqlarını çatdırmış, ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə uğurlar arzulamışlar.

Görüşdə iştirak edən  və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr   təqdim edilmişdir.

Tədbirdən sonra ahıl  vətəndaşların istəyi nəzərə alınaraq  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tərəfindən onlar ayrı-ayrılıqda qəbul edilmiş  və qəbul zamanı qaldırılan sosial məişət məsələlərinin həlli üçün müvafiq tapşırıqlar verilmişdir. 

 

Keçidlər