“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlıq
Bu gün Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və rayon İcra Hakimiyyətinin digər məsul şəxsləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmış “ASAN xidmət” mərkəzində olmuşlar. Onlar 15 yanvarda fəaliyyətə başlayan və ilk olaraq Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət edən mərkəzin fəaliyyəti və həmçinin mərkəzdə əhaliyə göstərilən xidmətlərlə yaxından tanış olmuşlar. Burada vətəndaşlara lazım olan sənədləri vaxtlarına qənaət edərək asanlıqla əldə etmələri üçün hər cür şəraitin yaradılmasının şahidi olmuşlar.
Nəsib Məhəməliyev əsasən əhali arasında “ASAN xidmət” mərkəzinin təbliğ edilməsinin və insanların bu xidmətdən yararlanması üçün onların maarifləndirilməsinin vacibliyini vurğulamışdır.
Bir daha qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları bu xidmətləri həyata keçirir:
- doğumun qeydə alınması;
- ölümün qeydə alınması;
- nikahın qeydə alınması;
- nikahın pozulmasının qeydə alınması;
- övladlığa götürmənin qeydə alınması;
- atalığın müəyyən edilməsinin qeydə alınması;
- adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
- notariat fəaliyyəti;
- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- məhkumluq barədə arayışların verilməsi;
- daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:
- yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
- daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
- gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
- Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi;
- torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- əmək pensiyalarının təyin edilməsi;
- dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.