Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmlənməsi ulu öndər Heydər Əliyevin xidmətlərinin nəticəsidir

18 oktyabr 2016 | 16:00

Oktyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə YAP Gənclər Birliyinin hazırladığı “Müstəqilliyimizin banisi: Əbədidir bayrağımız” filmi nümayiş etdirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirdə çıxış edərək ötən 25 ildə Azərbaycanda əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirib ki, ölkəmizdə gedən sürətli inkişaf, qazanılmış uğurlar ümummilli lider Heydər Əliyevin yorulmaz səylərinin nəticələridir.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın rifahı yolunda yorulmaz xidmətləri sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.

M.İbrahimqızı müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən danışıb. Bildirib ki, dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlandı. Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Vurğulanıb ki, dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü ölkəmizdə və xaricdə təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə YAP Nəsimi rayon təşkilatı tərəfindən də silsilə tədbirlər proqramı hazırlanıb.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb. O, Azərbaycan gənclərinə diqqət və qayğının yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, gənclərimiz də müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda əzmlə çalışırlar.

Keçidlər