Şriftin ölçüsü :

Saytın rəngi :

“Məktəb seminarları” Nəsimi rayonunda təşkil olunub

02 noyabr 2016 | 16:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar davam edir. Sayca onuncu təlim-seminar paytaxtın Nəsimi rayonunda yerləşən 1 nömrəli tam orta məktəbdə keçirilib.

Paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təlim-seminarda çıxış edərək layihənin keçirilmə məqsədləri və gözlənilən nəticələrdən danışıb. Şagird məmnunluğunun təmin edilməsinin zəruriliyinə diqqət çəkən BŞTİ-nin müdiri bu istiqamətdə vacib olan amillərdən söhbət açıb. Səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirləri nəzərə çatdıran M.Vəliyeva direktorlar qarşısında “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edib.

Təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova “Rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi” mövzusunda məruzə edib. L.Şərəfxanova bildirib ki, əsas fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan məsələlərin yerinə yetirilməsi səmərəli məktəbin yaradılması prosesində mühüm əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib.

Təlim-seminarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər