Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən cəbhə bölgəsində Bayraq günü qeyd edildi
Nəsimi rayon nümayəndə heyəti rayonun hamilik etdiyi cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişdir. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırmışlar. Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. O bildirmişdir ki, Ginnesin rekordlar siyahısına düşmüş, dünyanın ən yüksək bayrağının dalğalandığı möhtəşəm Dövlət Bayrağı Meydanı Azərbaycandadır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şəraitdə hərbi hissənin şəxsi heyətinə şərəfli xidmətlərində uğurlar arzulamış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Hərbi hissə komandanlığı adından çıxış edən hərbi hissənin komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Valeh Rəcəbov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Dövlət Bayrağı günü münasibəti ilə keçirilən tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Sonra respublikamızın populyar müğənnilərinin - Əflatun Qubadov, Mənzurə Musayeva, Tural Salmanov, Rövşən Əziz və Qala qrupu iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunmuş, gözəl ifalar əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.
Nəsimi rayon məktəblilərinin Azərbaycan əsgərinə böyük məhəbbətlə yazdıqları məktublar hərbi hissədə xidmət edən əsgərlərə çatdırılmış, məktublar əsgərlərə xoş təəssürat bağışlamışdır.
Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.