Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun təhsil müəssisələri üçün yol təhlükəsizliyi pasportu ilə bağlı məlumat sessiyası keçirildi

13 oktyabr 2016 | 16:00

13 oktyabr 2016-cı il tarixdə Nəsimi rayonu A. Loqinov adına 8 nömrəli tam orta məktəbdə Nəsimi rayonu İcra Hakimiyyəti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı yol təhlükəsizliyi pasportunun yaradılması və tətbiqi ilə bağlı məlumat sessiyası keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil edildi.

Məlumat sessiyasını giriş sözü ilə 8 saylı orta məktəbin müdir müavini Sevinc Əliyeva yol təhlükəsizliyi probleminin aktual olduğunu və bu səbəbdən yol hərəkəti qaydalarının təhsil müəssisələrində, xüsusi ilə aşağı sinif şagirdləri arasında təbliğ olunmasının vacibliyini vurğuladı. S. Əliyeva təmsil etdiyi məktəbin yol təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi fəaliyyətlər barədə danışdı və gələcəkdə də bu kimi işləri davamlı şəkildə icra edəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.    

Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov son illər yol təhlükəsizliyi ilə bağlı tədbirlərin miqyasının artdığını bildirdi və respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin azalmasını bu sahədə həyata keçirilən təbliğat işlərinin sayəsində baş verdiyini qeyd etdi. V. Əsədov xüsusilə qeyd etdi ki, “Həyat” Humanitar Dəstək İctimai Birliyinin ölkə miqyasında ilk dəfə olaraq yol təhlükəsizliyi pasportunun yaradılması ilə bağlı tərtib etdiyi metodik tövsiyə yol təhlükəsizliyi təmin olunması sahəsində yenilikdir və bu alətin tətbiqi olduqca vacib əhəmiyyət kəsb edir. Odur ki, bu kimi təşəbbüslər dəstəklənməli və onların təsir dairəsi genişləndirilməlidir.

Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin əməkdaşı Niyaməddin Cəfərov rayon miqyasında bu sahədə icra olunan fəaliyyətlərin aktual olduğunu və icra hakimiyyəti orqanlarının bu kimi fəaliyyətlərə daima dəstək göstərdiklərini bildirdi.

46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoru Mehriban Muğalova təmsil etdiyi Mərkəzdə yol təhlükəsizliyi dərnəyinin işi və bu istiqamətdə icra etdikləri fəaliyyətlər barədə danışdı. M.Muğalova qeyd etdi ki, yol təhlükəsizliyi sahəsində zəngin təcrübəyə malik olan Mərkəz bu müstəvidə yeni-yeni ideyaların yaranmasında və həyata keçirilməsində maraqlıdır və bu səbəbdən yol təhlükəsizliyi ilə bağlı istənilən təşəbbüsə qoşulmağa hazırdır.

46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol təhlükəsizliyi ilə bağlı məktəblərdə aparılan təbliğat işləri barədə danışdı və qeyd etdi ki, məktəb və digər təhsil müəssisələrində aparılan həmin işlər genişləndirilməli və davamlı olmalıdır.

Yol təhlükəsizliyi pasportunun əhəmiyyəti, onun məzmunu və əsas müddəaları barədə danışan “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov vurğuladı ki, yol təhlükəsizliyi sahəsində yeni alət hesab olunan bu sənəd təhsil müəssisələrinin ətrafından keçən yollarda yol hərəkəti iştirakçılarının davranışında yeni meyllərin yaranmasına və onların daha təhlükəsiz davranmalarına səbəb olacaqdır. Bu məqama xüsusi diqqət yetirən “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair metodik tövsiyə”nin müəllifi A. Allahverənov tədbir zamanı həm də layihə çərçivəsində Nəsimi rayonu A. Loqinov adına 8 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri üçün hazırlanmış yol təhlükəsizliyi pasportunun sxematik versiyasının təqdimatını keçirdi.

Texniki-humanitar liseyin müdir müavini Eldar Məmmədov, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin nümayəndəsi Ruhəngiz Vəliyeva və digər iştirakçılar yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələsinə münasibət bildirdilər və onlar tərəfindən qaldırılan sual ətrafında açıq müzakirələr aparıldı.     

 

Keçidlər