Nəsimi rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi
14 noyabr 2016-cı il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının I müavini Yavər Allahverdiyev, rayonda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdilər.
Müşavirəni giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının I müavini Yavər Allahverdiyev Nəsimi rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.
Çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və Yanğın zamanı ilkin tibbi yardım” mövzularında ətraflı məlumat verdilər.
Sonda məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olundu və suallar cavablandırıldı.