Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda əbədiyaşar Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

08 dekabr 2016 | 16:00

Hər il olduğu kimi Ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Nəsimi rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, təşkilatlarında, ali və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında keçirilən tədbirlərdə Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti nümayəndələrinin, ali və orta təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, ağsaqqallar, veteranlar  və gənclər təşkilatlarının, dini qurumların nümayəndələrinin, Milli Məclis üzvlərinin, nazirlik və komitə rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin, qeyri hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Tədbiri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq dahi şəxsiyyət hələ sağlığında canlı əfsanəyə çevrilmiş, Ümummilli lider Heydər Əliyevin həyatına və heç bir ölçüyə və sərhədə sığmayan xidmətlərinə həsr olunmuş geniş nitq söyləmiş , Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Natiq qeyd etmişdir ki,  Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sambalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Azərbaycanın və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq, zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlibdir. Ulu öndərimiz zamanı qabaqlayan, onun fövqündə dayanan elə bir dahi şəxsiyyətdir ki, o yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıbdır.

Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.

Azərbaycan öz milli-siyasi azadlığı uğrunda mübarizəyə hələ 1988-ci ildə qalxsa da, öz dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də elan etsə də, gerçək milli-siyasi azadlığın nə demək olduğunu xalqımıza Heydər Əliyevin ölkəyə tarixi qayıdışından sonrakı dövr anlatdı.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Ümummilli Lider Heydər Əliyev "müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndər qarşıya çıxan bütün maneələrə qarşı mövqe və iradəsini qəti şəkildə qoydu. Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci mərhələsi yenicə qazanılmış, sadəcə, elan olunmuş dövlət müstəqilliyini itirilmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi, iqtisadi-hərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrilmişdir. Vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması, Heydər Əliyevin müstəqilliyin gerçək mənada möhkəmləndirilməsi yollarındakı danılmaz böyük xidmətidir.

Heydər Əliyev siyasi kursu daim inkişafda olan bir təlim olaraq yaşayır və həmişə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə təkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük və sınaqlardan çıxmış dövlətçilik strategiyasını yaradıcı şəkildə və böyük səriştə ilə davam və inkişaf etdirir. Müasir dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezidentimiz İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyev siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrə və böyük bələdçidir.

Vurğulanmışdır ki, məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla onun qüdrətli ardıcılı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan inamla irəli addımlayır, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmlədir, dünyada nüfuzunu durmadan artırır. Hər zaman Heydər Əliyevdən öyrənmişik, öyrənirik, öyrənəcəyik. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir.

Tədbirdə Ulu Öndərin keçirdiyi mənalı ömür yoluna həsr olunmuş video çarx nümayiş olunmuş, mərasim iştirakçıları ulu öndərin parlaq və unudulmaz xatirəsini dərin minnətdarlıq hissi ilə yad etmişlər.

Tədbirdə tanınmış incəsənət xadimləri Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestri, Əməkdar artistlər Zakir Əliyev, İnarə Babayeva, Lalə Məmmədova, Şirzad Fətəliyev, Almaz Orucova, Babək Niftəliyev, Gülüstan Əliyeva, Azərbaycan Televiziyası Radiosunun solistləri Zabitə Alıyeva, Sərxan Bünyadzadə  çıxışlar etmişlər.

Keçidlər