Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 20 Yanvar facəsinin XXVII ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir

17 yanvar 2017 | 16:00

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin «20 Yanvar faciəsinin iyirmi yeddinci  ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən   müvafiq tədbirlər hazırlanmış və faciənin  ildönümü geniş şəkildə qeyd olunur. Tədbirlər planına uyğun olaraq rayonun ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarında anım tədbirləri təşkil olunur. Orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin  XXVII  ildönümü ilə əlaqədar foto stendlər düzəldilmiş, anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılır. Rayonun idarə və təşkilatlarının kollektivlərinin, orta və ali təhsil müəssisələrinin şagird və tələbələrinin  «Şəhidlər Xiyabanı»na  ziyarəti təşkil  olunur.         

Respublika «20 Yanvar» cəmiyyəti, rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan  20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  əlil olmuş rayon sakinləri ilə 17 yanvar 2017-ci il tarixdə  Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etmişdir ki, 20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir.

20 Yanvar günlərini xatırlayaraq  Asif  Əsgərov bildirdi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

 Tədbirdə bildirildi ki, bu gün faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuş, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın  diqqət və qayğısı xüsusi qeyd edilmişdir.

Nəsimi  rayon İcra Hakimiyyətinin Başçısı  Asif Əsgərov şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmış, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Görüşdə 20 Yanvar Respublika cəmiyyətinin sədri Sultan Əzimzadə, Nəsimi rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva,  20 Yanvar Nəsimi rayon təşkilatının sədri, II qrup əlil Tofiq Allahverdiyev çıxış edərək şəhid ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda  20 yanvar faciəsi   şəhid ailələri və əlillərinə  maddi yardım göstərilmişdir.

Keçidlər