Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 2016- cı ili yüksək nailiyyətlərlə başa vurub

02 fevral 2017 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafına yekun vuruldu, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin illik iclasında və rejional inkişafa dair konfransda qarşıya qoyduğu vəzifələr müzakirə olundu, yeni ilin başlıca hədəflərini əhatə edən qərar edildi.

Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsğərov bildirdi ki, keçən il respublikamızda olduğu kimi, Bakının Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib.

Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və  ümumi irəliləyişi əks etdirən videohesabat təqdim olunandan sonra Nəsimi RİH-in başçısı Asif Əsgərov 2016-cı ildə sosial-iqtisadi inkişafının əsas göstəricilərini şərh etdi, ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verdi.

Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların  Nəsimi rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin edib. Dövlət başçısı paytaxtın mərkəzi rayonunun problemlərinin həllini daim nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyevanın rayona hər gəlişi nəsimililərin həyatında əlamətdar hadisə olmuş, onlub, yeni nailiyyətylərə ruhlandırıb.

Ayrı-ayrı sahələrdə qazanılmış uğurlardan söz açan natiq göstərdi ki, 2016-cı ildə əvvəlki illə müqayisədə 1,3 faiz çox–516 milyon 094,6 min  manatlıq  məhsul  istehsal  edilib və xidmətlər göstərilib. Bunun 24  faizi  istehsalın, 76 faizi isə  sənaye  xarakterli  xidmətlərin  payına  düşür. Tikinti kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafına  bütün  maliyyə  mənbələri hesabına 1milyard 640milyon 106,1 min manatlıq investisiya yönəldilib ki,  da  bir il əvvəlkindən 50,9 faiz çoxdur. 

Nəqliyyat sektorunda il ərzində 348 milyon 959,5 min manatlıq xidmət göstərilib. Rabitə şəbəkəsində müəssisələrə və əhaliyə göstərilən xidmətlər il ərzində 63,6 faiz artaraq 13 milyon 727,6 min  manata çatıb. Pərakəndə ticarət şəbəkəsində göstərilən xidmətlər isə  8,1 faiz  artaraq 823 milyon 550,2 min manata yüksəlib. Əmtəə dövriyyəsinin 99,8 faizi özəl sektorun payına düşur.  

“Ərazi məşğulluq proqramı”na əsasən, 1469 nəfər  daimi işlə təmin edilib ki, bu da nəzərdə tutulduğundan 669 nəfər çoxdur. 770 yeni iş yeri açılıb, 7 yaşayış binasının təmiri ilə bağlı 238 nəfər işlə təmin olunub. İstehsalın əsassız dayandırılmasının və lüzumsuz ixtisarların qarşısının alınması 1800-ə qədər adamın işdə qalmasına imkan verib. İqtisadi  və  sosial  sahələrdə  muzdla  işləyənlərin  sayı 2,4 faiz  artaraq 149 min 330 nəfərə, orta  aylıq  əmək  haqqı  isə 9,2 faiz çoxalaraq 563,4 manata  çatıb.

“2014--2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda əksini tapan qaz, elektirik enerjisi, istilik və su təchizatı, kanalizasiya, abadlıq və yaşıllaşdırma, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, gənclər və idman üzrə bəndlər tam icra olunub, təhsil, səhiyyə, mədəniyyətlə bağlı məsələlər qismən həll edilib. Bir sıra küçə və meydanlarda, xüsusən mikrorayonlar ərazisində son illərdə aparılan genişmiqyaslı quruculuq-abadlıq, əsaslı təmir-yenidənqurma, asfaltlaşdırma və yaşıllaşdırma işləri ötən il də uğurla davam etdirilib.

Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti  müəssisələrinin işi daim RİH-in nəzarətində olub, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib.

Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi, qayğıları da daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq  bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub, müxtəlif sahələrdə fərqlənənlər mükafatlandırılıblar. RİH il ərzində 11100-dən çox vətəndaşa yardımlar, maddi köməkliklər göstərib.

Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanılıb.

Hesabat göstəricilərinə yekun vuran başçı  söylədi ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün mökəm zəmin yaradıb.

Çıxışlarda nailiyyətlərdən doğan razılıq ifadə olundu, qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət açıldı.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev yığıncaqda çıxış etdi, yeni ildə Nəsimililərə daha böyük uğurlar arzuladı.

Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Ziyad Səmədzadə və Asim Mollazadə iclasda iştirak edirdilər.

Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olundu. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi ifadə olundu.

Yekun hesabatda 2016-cı il ərzində görülən işlərdən bəhs edən film nümayış olunmuşdur. Həmçinin tədbir iştirakçılarına nəfs şəkildə tərtib olunmuş Nəsimi rayonu jurnalı təqdim edilmişdir.

Sonda ilin yubilyarlarına və idman qaliblərinə Nəsimi RİH-in xatirə hədiyyələri təqdim olundu.

Keçidlər