Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib.

06 fevral 2017 | 16:00

6 fevral 2017-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin rəhbərliyi, sözügedən mərkəzin və portalın nümayəndələri, eləcə də rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən  təqdimat mərasimini giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev sahibkarları salamlayaraq Azexport.az portalının yaradılmasının ölkədə istehsal olunan ixracyönümlü məhsulların xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addım olduğunu qeyd etdi.

Sonra çıxış edən Azexport.az portalının rəhbəri Zaur Qardaşov Azexport.az portalının missiyasının Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılması olduğunu deyib.

Portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edən natiq, həmçinin portala inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə də məlumat verib.

Qeyd edilib ki, Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır. Portalın təqdimatı ötən ilin 20 dekabr tarixində baş tutub və təqdimatın gedişində tədbir iştirakçıları portalın imkanları, həmçinin bu resursda müxtəlif malların və xidmətlərin mümkün qeydiyyatı vasitələri haqqında geniş şəkildə məlumatlandırılıblar.

Həmçinin bildirilib ki, imkanların daim artan xətt üzrə inkişaf etməsi ölkəmizdə də həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Azexport.az platforması isə öz növbəsində ölkənin ixrac potensialının artırılmasına dəstək verməkdə xüsusi əhəmiyyət kəsb edir. Artıq sahibkarlar öz məhsullarını xarici ölkələrdə seçdiyi bazarlara daha rahat şəkildə çıxara biləcəklər. Adıçəkilən portal həmçinin “Made in Azerbaijan" brendinin xarici bazarlarda daha da məşhurlaşması üçün əvəzsiz rol oynayacaqdır. Sahibkarlar isə əvvəlki dövrlərdən fərqli olaraq öz məhsullarını tanıtmaq üçün bir çox əlavə xərclərdən də azad olacaqdır ki, bu da onlar üçün böyük stimul rolunu oynayacaqdır. Azərbaycanın onun əsas tərəfdaşları ilə ixrac sahəsində əlaqələr qurmasına yönələn layihə kimi bu portal ölkəmizin ixrac mövqelərini də möhkəmləndirəcək.

Tədbirdə həmçinin portaldan istifadə qaydaları barədə təlimat keçirilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbirə qatılan sahibkarlar ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatlardan məmnunluqlarını ifadə edərək, sahibkarlara işgüzar fəaliyyətləri naminə yaradılan hərtərəfli imkanlara görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər