Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Nəsimi rayon ictimaiyyəti adından “8 Mart - Beynəlxalq qadınlar günü” münasibətilə təbrik
Hörmətli Mehriban xanım!
Sizi “8 Mart - Beynəlxalq qadınlar günü” münasibətilə Nəsimi rayon ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edərək ən xoş arzularımızı çatdırırıq.
Qadın dünyanın ən müqqədəs varlığı, yaşadığımız aləmin əzəmətli bir qüvvəsidir. Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Dünya qadınları içərisində ən ülvi dəyərləri özündə yaşadan Azərbaycan qadınının bu gün səsi dünyanın ən yüksək tribunalarından eşidilir. Ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməlləri ilə təsdiqləyibdir.
Azərbaycan qadını ictimai-siyasi, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa nail olubdur.
Hörmətli Mehriban xanım!
Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Sizin - Azərbaycanın birinci xanımının simasında daha qabarıq təqdim olunur.
Sizin fəaliyyətinzin ruhunu təşkil edən humanizm, nəciblik, xeyriyyəçilik ziyalı mövqeyinizə xalqımız tərəfindən daim böyük hörmət və rəğbət gətirir. Siz ictimai həyatın ən müxtəlif sahələrində fundamental, çoxşaxəli layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verirsiniz. İstər milli- mənəvi dəyərlərin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəlməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı sahəsində həyata keçirilən mühüm layihələr Sizin geniş dünyagörüşünüzün, yüksək mənəvi keyfiyyətlərinizin parlaq təzahürüdür.
Sülhə və əmin-amanlığa töhfələr verməyi, insanlara qayğı və təmənnasız xidmət amalını əsas götürərək Siz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğini, milli genefondumuzun qorunmasını və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi özünüzün vətəndaşlıq borcu hesab edirsiniz.
Hörmətli Mehriban xanım!
Siz özünəxas humanist və vətənpərvər xarakterlə cəmiyyətdə insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləriniz ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfənizi verirsiniz.
Bütün bunlar Sizin yüksək siyasi potensiala malik olduğunuzu təsdiqləməklə Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir.
Sizin layiq görüldüyünüz çoxsaylı beynəlxalq mükafatlar, fəxri adlar, təltiflər möhtəşəm və əzmkar fəaliyyətinizə verilən yüksək qiymətdir. Sizin - siyasəti mərhəmətlə, şəfqətlə çulğalaşdıran, XXI əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan, qəbul edilən və sevilən mükəməl Azərbaycan qadınının - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız xalqımız və dövlətimiz üçün böyük fəxarətdir.
Hörmətli Mehriban xanım!
Bir daha Sizi 8 mart bayramı münasibətilə səmimi olaraq təbrik edir, Sizə bol-bol bayram sevincləri, ölkəmizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə göstərdiyiniz görkəmli fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Nəsimi rayon ictimaiyyəti