Xocalı üçün səs ver
Amerikada yaşayan azərbaycanlılar Xocalı qətliamının tanınması məqsədilə Ağ evin rəsmi veb səhifəsində petisiya yerləşdirib. Ağ Evin rəsmi səhifəsində yer alan “Biz xalqıq” (We the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.
Yanvarın 25-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün “Biz Xalqıq” kampaniyası çərçivəsində səsvermə başlayıb. “Biz Xalqıq” (We the People) kampaniyası Ağ Evlə əlaqə vasitələrinə məhdudiyyət qoymur, poçt və elektron poçt imkanlarını da istisna etmir. “Biz Xalqıq” kampaniyasında iştirak etmək üçün siz WhiteHouse.gov ünvanında hesab yaratmalısınız. Yeni hesab yaratmaq üçün öz mövcud e-mail ünvanınızdan istifadə etmək tələb olunur. Bunun üçün ilk olaraq saytda “Hesab yarat” (Create an account) bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Daha sonra orada e-mail ünvanına daxil olub sizə göndərilən linki təsdiqləməlisiniz. Təsdiqlədikdən sonra “SİGN THİS PETİTİON” (Bu ərizəni imzala) düyməsini sıxaraq SƏS verə bilərsiniz. Hər şəxs yalnız bir İP ünvandan (bir kompüterdən) səs verə bilər. İstifadəçi bir neçə dəfə hesab yaratmağa və ya imza atmağa cəhd edərsə, Ağ Ev qeydiyyatda olan kompüterlərin İP ünvanının istifadəsinə məhdudiyyət qoyacaq.
Petisiyanın müzakirəyə çıxarılması üçün ona 2013-cü il fevralın 25-ə qədər 100 min adamın səs verməsi lazımdır. Petisiyaya səs vermək üçün aşağıda göstərilən linkə daxil olun: https://petitions.whitehouse.gov