Nəsimi rayonu - “Gənclərinin Zəfər Yürüşü” keçirilib
“Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Aprel ayında ordumuz erməni silahlı təxribatının qarşısını alaraq düşmənə sarsıdıcı zərbələr vurub və işğal edilmiş torpaqların bir hissəsini azad edib. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Azərbaycan Milli Ordusu Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyi, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi, qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrini Ermənistan Silahlı Qüvvələrindən tam azad etdi.
Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı tərəfindən torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, Aprel döyüşlərinin ildönümü münasibəti ilə Gənclərin Zəfər yürüşü təşkil edilmişdir.
Aprel ayının 6-da ali təhsil müəssisələrinin tələbələrinin, idarə, müəssisə və digər təşkilatların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə yürüş keçirilib. Əllərində Azərbaycan bayraqlarını tutmuş böyük gənclər izdihamı Dövlət Bayrağı Meydanına doğru irəliləyərək Vətənə, Bayrağa və Xalqımıza olan ehtiram və sevgilərini bildirirdilər. Yürüşdə 5 minə yaxın gənc iştirak edib.
Dövlət Bayrağı Meydanında orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himninin ifası səsləndirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə rayonda yerləşən ali təhsil müəssisələrində - Azərbaycan Dövlət Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri daha fəal iştirak etdilər və xüsusilə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsinin tələbələrinin apardıqları böyük Aərbaycan bayrağı izdihamlı yürüşə xüsusi rəng qatırdı. Yürüşdə iştirak edən Nəsimi rayon gəncləri bildirdilər ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.