Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirildi

19 aprel 2017 | 16:00

19 aprel 2017-ci il tarixdə  Azərbaycan Universitetində “Türk-müsəlman soyqırımı çağdaş tədqiqatlarda” mövzusunda silsilə beynəlxalq elmi-praktiki konfransların bu il dördüncüsü keçirilib.Tədbir Azərbaycan Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Nəsimi rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyənin Anadolu Universiteti və “SƏS” Media Qrupun birgə təşkilatçılığı ilə təşkil olunub.
  Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      Qonaqları salamlayan AU-nun rektoru Səadət Əliyeva giriş nitqi ilə çıxış edərək qeyd edib ki, soyqırımı cinayət olduğundan cinayətin məhkəmədə sübuta yetirilməsi çox vacibdir: “Soyqırımı məhkəmədə sübuta yetirilmədikdə isə şübhəsiz ki, onu soyqırımı kimi adlandırmaq bir qədər çətindir. Bunu nəzərə alaraq ötən əsrin əvvəllərində baş vermiş qətliamlarin praktiki nöqteyi-nəzərindən soyqırım kimi tövsif olunması çox çətindir. Çünki insanlar artıq dünyasını dəyişib və həmin zamanda olan şahidlər artıq yoxdur. Bəzi faktları araşdırıb üzə çıxarmaq bir qədər çətinliklər yarada bilər”.
     Millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, soyqırımı dedikdə ancaq bir xalqın və yaxud da bir dövrdə olan soyqırımı nəzərdə tutulmur: “Tarixən bu böyük dünyaya qarşı törədilən soyqırımları öyrənməliyik və yaxud bununla bağlı bir sistem yaratmalıyıq. Artıq bu sistemləşdirilməli və konkret bir tarixi dövr götürülməlidir”.
     Konfransın plenar iclasında Gürcüstandan Suxumi Dövlət Universitetinin müəllimi, “Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Mərkəzi”nin prezidenti prof. Quram Marxuliya, Türkiyədən Karabük Universitetinin kafedra müdiri, dos. Əli Əsgər, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qebek Qebekov məruzə ilə çıxış edərək insanlığa qarşı törədilən cinayətlərin ən ağırı olan soyqırımların hərtərəfli tədqiqinin əhəmiyyətini vurğulayıblar. Azərbaycanlı alim və tədqiqatçılar prof. Anar İsgəndərov “1918-ci il mart soyqırımının müasir dövrdə tədqiqi”, prof. Firdovsiyyə Əhmədova “1915-ci il aprel həqiqətləri”, Rüxsarə Quliyeva “500 illik müharibə və ya bəşər tarixinin ən uzun sürən soyqırımı” mövzusunda məruzələri dinlənilib.
      Konfransda Ümummilli Lider Heydər Əliyev tərəfindən bu məsələnin diqqət mərkəzində saxlanılması və məhz onun tərəfindən mart ayının 31-nin Azərbaycanlıların soyqırımı günü elan edilməsi mühüm hadisə adlandırılıb.
    Qeyd edək ki, elmi-praktiki konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü və hakimiyyətə qayıdışının 24-cü ildönümünə həsr olunub.

Keçidlər