Prezident İlham Əliyev və Serbiya Prezidenti Tomislav Nikoliç Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışında iştirak etmişlər
Bu gün Bakının Nəsimi rayonu Azadlıq prospekti ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkda serb xalqının böyük oğlu, görkəmli alim Nikola Teslanın abidəsinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Serbiya Prezidenti Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç açılış mərasimində iştirak etmişlər.
Prezidentlər İlham Əliyev və Tomislav Nikoliç abidənin üzərindəki örtüyü götürdülər, önünə gül dəstələri qoydular.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Serbiyanın birinci xanımı Dragitsa Nikoliç də abidə önünə gül dəstələri qoydular.
Məlumat verildi ki, paytaxtın mərkəzində, Azadlıq prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılmış abidənin müəllifləri Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov və Əməkdar Memar Sənan Salamzadədir.
Bürüncdən hazırlanmış abidənin hündürlüyü postamentlə birlikdə 3,3 metrdir. Abidənin fonunda görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırlmışdır. Abidənin yerləşdiyi park abadlaşdırılmış, sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır.
Dövlət başçısı və xanımı, Serbiyanın Prezidenti və xanımı Xalq Rəssamı Ömər Eldarov ilə söhbət ediblər.
Sonra Azərbaycan və Serbiya prezidentləri açılış mərasimində çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib. Serbiya prezidenti və xanımı abidənin müəllifi Ömər Eldarova təşəkkür ediblər.