“Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda Respublika Elmi Konfransı keçirilib
Bakı Slavyan Universitetinin akt zalında BSU və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika Elmi Konfransı olub.
Tədbirdən əvvəl BSU-nun rəhbərliyi və professor-müəllim heyəti Fəxri Xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyub.
Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva qonaqları konfrans iştirakçılarına təqdim edib. O, Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birinin gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olduğunu bildirib. Çıxışının əsas hissəsini akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə yönəldən BSU rektoru onun Azərbaycan xalqına əsas əramağanının Prezident İlham Əliyev olduğunu qeyd edib. O, bu gün İlham Əliyevin düşünülmüş və müdrik siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə söz sahibi olmasını diqqətə çatdırıb. Təhsilə və elmə yiyələnməyin vacibliyinin Ulu öndər tərəfindən tövsiyə olunduğunu xüsusi vurğulayan Nurlana Əliyeva mənəvi tərbiyənin gənclərin qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib. Rektor milli dəyərlərimizi, ənənələrimizi, dilimizi, tariximizi yaxşı bilməyən gəncin vətənpərvər ola bilməyəcəyini də qeyd edib.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında bu gün dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verildiyini qeyd edib. O, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin Azərbaycan Respublikası Prezidenti tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Konfransda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov belə mötəbər tədbirə dəvət edildiyinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, tədbirdə iştirak edənlərin 95%-nin gənclər olmasını təqdirəlayiq hal kimi qiymətləndirib. A. Əsgərov çıxışında H. Əliyevin hakimiyyətə gəldiyi ilk gündən gənclərə xüsusi qayğı göstərdiyini, bunun bir nümunəsi kimi 93-cü ilin sentyabrında dahi rəhbərin gənclərlə görüşünü xatırladıb. O, bu gün ölkə başçısının və birinci vitse-prezidentin həmin ənənəni uğurla davam etdirdiklərini, gənclərə dövlət strukturlarında yer verdiklərini qeyd edib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Moskva Dövlət Universitetinə göndərilən ilk 4 tələbədən biri olduğunu qeyd edərək qazandığı bütün uğurlara görə Ulu öndərə minnətdarlığını bildirib. M. Abbaszadə 93-cü ildə yeni siyasət kimi tətbiq olunan test üsulunun yaşamasını da Heydər Əliyevin gənclərə xüsusi qayğısı kimi diqqətə çatdırıb.
Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxışında prezident seçkiləri ilə bağlı bəzi xatirələrini yada salıb. O, həmin dövrdə həm Heydər Əliyevin, həm də Azərbaycan gənclərinin qarşılıqlı şəkildə bir-birlərinə etimad bəslədiklərini xatırladıb. İ. Babayev həmin dövrün gəncləri sırasında özünün də olduğunu bildirib və bu gün estafeti növbəti gəncliyə hazır olduğunu qeyd edib.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ozoral Ulu öndəri gənclərə böyük önəm verdiyini və bu gün qardaş Türkiyənin də həmin yolla getdiyni vurğulayıb. O, “Bir millət, iki dövlət” şüarının da ilk dəfə məhz H. Əliyev tərəfindən səsləndirildiyini dilə gətirib. Səfir Heydər Əliyevin iki qardaş ölkə arasında tələbə mübadiləsinin əsasını qoyduğunu deyib.
Sonra BSU-nun tələbəsi, TGT-nin fakültə sədri Ələkbər Mirzəyev konfransla bağlı çıxış edib.
Qeyd edək ki, konfrans 4 bölmədə öz işini davam etdirib. Konfransın bağlanışında bölmə iclaslarının moderatorlarının hesabatları dinlənilib, iştirakçılara sertifikat və diplomlar təqdim edilib.