Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək,
həmişə yaşayacaq,həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə may ayının 2-də Kamera və orqan musiqisi zalında H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konserti keçirilmişdir.
Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapdı. İyirmi beş ildən artıqdır ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır.
Daha sonra musiqi məktəbinin istedadlı şagirdləri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və dirijor Xalq artisti Teymur Göyçayevin müşayəti ilə musiqi əsərlərini səsləndirmişdilər. Məktəbin şagirdləri Quliyeva Xuraman, Mahmudova Leyla, Əliyev Camal,Məmmədzadə Əliheydər,Qurbanov Əli (fortepiano), Sadəddin Cumayev (fleyta), Əli Əlizadə (fleyta), Kənan Abbaszadə (klarnet), Amin Əliyev (balaban), Mirzəyev Rövşən (tar), İlkin Əliyev (fleyta), ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.