“Əli və Nino” bədii filmi ABŞ-ın San Dieqo şəhərinin mərkəzində yerləşən Regal Cinemada nümayiş olundu
Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə silsilə tədbirlər Kaliforniyada ştatının Los Anceles və San Dieqo şəhərlərində davam edir.
Növbəti tədbir may ayının 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın San Dieqo şəhərinin mərkəzində yerləşən Regal Cinema Mərkəzində keçirilib.
Filmin nümayişində San Dieqo şəhəri ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, professorlar, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak edirdilər.
Nümayişdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov “Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışaraq bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir.
Əsərin yüksək ustalıqla ekranlaşdırıldığını və belə bir möhtəşəm film layihəsinin ərsəyə gəlməsinin Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti və filmin icraçı prodüseri Leyla Əliyevanın hərtərəfli dəstəyinin nəticəsində mümkün olduğunu bildirib.
Sonra film nümayiş etidirilib. Elə ilk anlardan tamaşaçıların böyük marağına səbəb olan film yüksək rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.