Abadlıq quruculu işləri aparılır
Son illərlə müqayisədə paytaxtın Nəsimi rayonunda bütün sahələrdə inkişaf, müsbət dəyişikliklər müşahidə olunur. Rayonun simasının daha da gözəlləşdirilməsi diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə rayon icra hakimiyyətində təqdirəlayiq işlər həyata keçirilir. Ekoloji tarazlığın qorunub saxlanılması, ətraf mühitin mühafizəsi görülən işlərin əsasını təşkil edir. Parklarda növ-növ ağac və gül kollarının sayı artırılır. Şübhəsiz rayonun gözəlliyi, təmizliyi şəhərimizə yolu düşən qonaqlarda, rayon sakinlərində xoş ovqat yaradır.
Rayonu daha da gözəlləşdirmək, onu gözoxşayan bir məkana çevirmək məqsədilə rayon sakinləri ilə tez-tez görüşlər keçirilir, aparılan abadlıq və quruculuq işlərində onların rəy və təklifləri nəzərə alınır.
Qızıl payız fəslində küçə və prospektlərin gözəl libasa bürünməsi insanlarda xoş təəssürat yaradır. Rayon ərazisindəki parklarda yaşlı nəslin nümayəndələri, gənclər, uşaqlar asudə vaxtlarını xoş və mənalı keçirir, təbiətin qoynunda gəzintiyə çıxmaqdan zövq alırlar.
Cari ilin başa çatmasına sayılı günlər qalıb. İl ərzində rayonda "Bizim həyət" və "Abad həyət" layihələri çərçivəsində tədbirlər planına uyğun olaraq əhəmiyyətli işlər görülmüş, bunun üçün rayonun daxili imkanlarından maksimum istifadə olunmuşdur.
Biz rayonun müxtəlif ünvanlarına baş çəkərək ayrı-ayrı peşə sahibləri ilə görüşüb söhbət etdik. Onların hər birindən eyni sözləri eşitdik: "Ərazilər mahir rəssam fırçasından çıxmış tablonu xatırladır, rayonumuzda ölkə başçısının tövsiyə və tapşırıqları uğurla icra olunur".
Rayon Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılovla rayonun bəzi yerlərində olduq. Müsahibimiz bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:
2022-ci ildə uğurlu nəticələr əldə etmişik. İl ərzində rayonunda abadlıq və quruculuq işləri aparılıb. Kollektivimizin birgə səyi nəticəsində Asif Məhərrəmov küçəsi 64, 20 Yanvar küçəsi 4/66 ünvanlarda yerləşən həyətlərdə "Bizim həyət" layihəsi çərçivəsində keyfiyyətli abadlıq işləri aparılmış, hər iki 8 girişli binanın dam örtükləri təmir edilmiş, binaların giriş qapılarının pəncərələri dəyişdirilmişdir. Uşaqların idmanla məşğul olmaları üçün stadion və 2 uşaq meydançası yaradılmış, yeni idman qurğuları quraşdırılmışdır.
İlin ötən 10 ayında "Abad həyət" layihəsi çərçivəsində Mir Cəlal küçəsi 42-də abadlıq işləri zamanı yeni ağac və gül kolları əkilmiş, insanların istirahəti üçün lazımi tədbirlər görülmüşdür.
Hazırda Nəsimi rayonunun 8 müxtəlif ərazisində abadlıq işləri davam etdirilir.