ADNSU-da “Azərbaycan elm və təhsilinin inkişafında Heydər Əliyev epoxası" adlı beynəlxalq elmi konfrans keçirilir
İyulun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan elm və təhsilinin inkişafında Heydər Əliyev epoxası" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulması ilə başlanan konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rektor, professor Mustafa Babanlı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində universitetdə bir sıra silsilə tədbirlər və konfranslar keçirildiyini və bundan sonra da Ümummilli liderə həsr olnmuş tədbirlərin davamlı olacağını deyib. Dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söz açan rektor M.Babanlı ölkədə bütün sahələrdə, o cümlədən elm və təhsilin inkişafında, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsində də əsaslı təməlin məhs Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu iştirakçıların diqqətinə çatdırıb.
Konfransda çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Ulu Öndər Heydər Əliyevin ölkəmizin tarixində misilsiz xidmətlərini qeyd edərək Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin Azərbaycan xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə apardığını deyib.
Sonra Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Oleq Baulinin konfrans haqqında video müsahibəsi dinlənilib.
Konfrans çərçivəsində Millət vəkili Anar İsgəndərov, Qazi universitetinin professoru Selma Yel, AMEA Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, t.e.d Ədalət Qasımov Ulu öndərin xalqa və vətənə sonsuz sevgisindən, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsindən, ölkəmizin davamlı inkişafının təməl prinsiplərindən söz açıblar. Qeyd edilib ki, bu gün müasir Azərbaycan dövləti dünyada nüfuzlu, təhlükəsiz, abad və inkişaf etmiş dövlətlərdən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin bütün sahələrdəki zəngin fəaliyyəti Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq.
Qeyd edək ki, 2 gün davam edəcək elmi konfrans iyunun 5-də işini yekunlaşdıracaq.