ADNSU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.
Tədbirdən öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun rəhbərliyi ilə universitetin professor-müəllim heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib. ADNSU kollektivi, eləcə də görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsini böyük ehtiramla yad edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
Filmin nümayişindən sonra Vazeh Əskərov 14 iyul 1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətə gəlməsinin tarixi əhəmiyyətindən danışıb. İstər 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi, istərsə də 1982-1987-ci illərdə SSRİ rəhbərliyində olduğu dövrdə Azərbaycan və azərbaycançılıq üçün misilsiz xidmətlərindən bəhs edib. O, həmin illərdə Ulu Öndərin təhsil, mədəniyyətlə yanaşı sənaye və iqtisadi sahədə apardığı islahatların gələcək müstəqil Azərbaycanın inkişafı üçün əlverişli zəmin yaratdığını vurğulayıb.
Tədbirin sonunda ADNSU-nun Nəsimi rayon YAP-ın ictimai-siyasi həyatında fəal iştirak etmiş ADNSU fəalları təltif olunublar.