Anım Günü münasibətilə Nizami Kino Mərkəzində “Şəhadət yolçuları” sənədli filminin və “Əbədiyyət yolu” kitabının təqdimatı oldu
Nizami Kino Mərkəzində Anım Günü münasibətilə rayon İcra Hakimiyyəti və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Şəhadət yolçuları” sənədli filminin və “Əbədiyyət yolu” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etdi ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Çıxışının sonunda A.Əsgərov Ümrə ziyarətinə yola salınacaq 10 şəhid anasına müvafiq sənədləri təqdim edərək xoş arzularını çatdırdı. Şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda “Şəhadət yolçuları” filminin və “Əbədiyyət yolu” kitabının təqdimatı oldu.