Şriftin ölçüsü :

Saytın rəngi :

ATU-DA HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB.

08 may 2023 | 10:03

“Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır”

ATU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Azərbaycan Tibb Universitetində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirin aparıcıları Əli Əliyev və Müalicə-profilaktika fakültəsinin        I kurs tələbəsi Şəbnəm Abdullazadə Vətənə sevgisi, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edən dahi şəxsiyyət Heydər Əliyev haqqında ən səmimi duyğularını tamaşaçılarla bölüşüblər.

Bildirilib ki, Ulu Öndərimiz Azərbaycanın adı çəkilən şeir və musiqiləri böyük həvəslə dinləyərdi. Belə musiqilərdən biri də xalq şairi Nəbi Xəzrinin sözlərinə dünya şöhrətli sənətkarımız Müslüm Maqomayevin bəstələdiyi “Azərbaycan” mahnısıdır. Ulu Öndərin bu mahnı haqqında səsləndirdiyi fikirlərin öz əksini tapdığı videoçarx  nümayiş olunduqdan sonra həmin mahnını Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Nicat Əhmədov ifa edib.

Ulu Öndər Azərbaycan Tibb Universitetinə, ümumiyyətlə bütün səhiyyə işçilərinə həmişə diqqət və qayğı ilə yanaşıb. Onun universitetimizə hər gəlişi böyük coşqu ilə qarşılanardı. O unudulmaz görüşlərin təəssüratları bu gün də ehtiramla xatırlanır. Ümummilli Liderimizin 100 illik yubiley tədbirlərinin universitetimizdə yüksək səviyyədə qeyd olunması da çoxminli kollektivimizin Ulu Öndərimizə sonsuz məhəbbətinin bariz nümunəsidir. Təsadüfi deyil ki, ədəbi-bədii gecədə ifa olunan mahnıların əksəriyyəti Ulu Öndərin sevdiyi mahnılar idi. Belə sevilən mahnılardan “Alagöz” - Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Rafiq Aslanov, “Ana” - Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Minayə Yusifova, “Küçələrə su səpmişəm” - Müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi, əslən Cənubi Azərbaycandan olan Laçın Mehdipur, “Ey Vətən” - Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Məryəm Nayıbova və “Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ” - Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Nihad Salahlı tərəfindən məharətlə ifa edilib.

Hərbi tibb fakültəsinin VI kurs tələbəsi Nicat Nəsibli, Əczaçılıq fakültəsinin II kurs tələbəsi Sona Əkbərli və Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Ülkər Gülmalıyevanın ifaları, eləcə də universitetin “Şəfa” xalq çalğı alətləri ansamblının və “Çinar” rəqs ansamblının çıxışları da tamaşaçı alqışları ilə qarşılanıb. 

Tədbirdə Ulu Öndərin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, qeyri-rəsmi çıxışlarını, ömür-gün yoldaşı Zərifə xanım Əliyevaya böyük sevgisini əks etdirən lent yazıları tamaşaçılarda duyğulu anlar yaşadıb.

Ədəbi-bədii gecə “Azərbaycan” şeirinin Ümummilli Liderimiz Heydər Əliyevin öz dilindən səslənməsi və bu bənzərsiz qiraətin tamaşaçı alqışları ilə müşayiət olunması ilə başa çatıb.

Tədbirdə universitetin tələbələri və professor-müəllim heyəti, rəsmi qurumların, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Keçidlər