Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılışı olmuşdur.

04 oktyabr 2022 | 11:25

Oktyabr ayının 3-də Nəsimi rayonu Alı Mustafayev küçəsi 5 ünvanında  Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin (ABMM) açılış mərasimi olmuşdur.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Türkiyə Maarif Vəqfi barədə məlumat verilib.

Bildirilib ki, Vəqf xaricdə Türkiyə Respublikası adından təhsil müəssisələri açmaq səlahiyyətinə malik dövlət qurumudur. Türkiyənin beynəlxalq təhsilə açılmış pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 Beynəlxalq Maarif məktəbi fəaliyyət göstərir və orada 50 minə yaxın şagird təhsil alır.

Qeyd olunub ki, yeni tədris ilindən etibarən Azərbaycanda ilk dəfə olaraq beynəlxalq maarif məktəbi təhsil fəaliyyətinə başlayıb. Təhsil müəssisəsi iki mühafizə, bir inzibati və dörd tədris binasından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.

Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək. Məktəbdə STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir.

Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. Azərbaycan Beynəlxalq Maarif Məktəblərində dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev vurğulayıb ki, istənilən təhsil ocağının əsas hissəsi orada yaradılan şərait və infrastrukturdan ibarətdir: "Bu məktəbdə həmin nüanslar yüksək səviyyədə nəzərə alınıb. Hesab edirəm ki, bu məktəbdə də müasir çağırışlara cavab verəcək gənclər yetişdiriləcək. Türkiyə və Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Ümumilikdə, təhsil istənilən ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Son iki ildə Türkiyədən olan şagirdləri Azərbaycana dəvət edirik. Azərbaycandan da Türkiyəyə şagirdlər gedir", - deyə nazir bildirib.

Açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu təhsil ocağının hər iki ölkənin daha da yaxınlaşması üçün gözəl örnək olduğunu vurğulayıb. Bir çox sahədə yüksək inkişaf olduğunu bildirən Elnur Əliyev Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında iştirak üçün xüsusi maraq göstərdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 5 minə yaxın türk şirkəti mövcuddur.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında Beynəlxalq Maarif Məktəblərinin əsas istiqamətlərindən birinin şagirdlərin vətənpərvər, millətinə, bayrağına, dilinə sevgi və hörmətin aşılanması, onların intellektual bir şəxsiyyət kimi formalaşaraq, gələcək hədəflərinə sərbəst qərarlarla addımlamasını, insanların ortaq dəyərləri ilə Anadolunun hikmət ənənəsini və mədəniyyətini bir araya gətirməkdən ibarət olduğunu deyib. O, bu məktəbin Azərbaycan və Türkiyə qardaşlığının yüksək səviyyəsini göstərmək üçün gözəl nümunə olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, təhsil müəssisəsində Azərbaycan, Avropa, Amerika və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunur. Belə ki, IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab edilir. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olurlar.

Keçidlər