Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dillər Universitetində təntənəli Məzun günü keçirilib

18 iyul 2022 | 10:01

İyulun 15-də Azərbaycan Dillər Universitetində (ADU) 2021/2022-ci tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə müxtəlif ölkələrin Azərbaycandakı səfirləri – Çin Xalq Respublikasının səfir xanım Qo Min, Meksika səfiri Xuan Rodriqo Labardini Flores, Kuba səfiri Karlos Enrike Valdes de Konsepsyon, Mərakeş səfiri Adil Embarş, Serbiya səfiri Draqan Vladisavlyeviç, Almaniyanın müvəqqəti işlər vəkili Hayko Şvartz, Çilinin müvəqqəti işlər vəkili  Fidel Koloma Qrimberq, Türkiyə səfirinin müavini Barış Sayğın, Koreya səfirinin müşaviri Yi Sonq Ho, Yaponiyanın təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Ono Taiçi, Rusiya səfirinin məsləhətçisi Pyotr Serqeyeviç Volkovix, Bakıdakı Rus Evinin rəhbəri İrek Haydaroviç Zinnurov, səfirliyin katibi Pavel Mixayloviç Kuzneçov, Macarıstanın müvəqqəti işlər vəkili doktor Tamaş Vassari, Rumıniyanın ölkəmizdəki konsulu Toma Cristian Daçiça, Fransa səfirinin müavini  Jerom Kel, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatları Arzu Nağıyev, Etibar Əliyev, Naqif Həmzəyev, Jalə Əhmədova, Sevil Mikayılova, Mahir Abbaszadə, ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

“Məzun günü” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Gaudeamus” tələbə himni səslənib.

Tədbirdə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, ADU-nun əldə etdiyi nailiyyətlərdən danışıb.

Rektor otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Qələbənin qazanılmasında gənclərin rolundan söz açıb, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinin daim əziz tutulduğunu bildirib. Gənclərə öz tövsiyələrini verən akademik Kamal Abdulla vurğulayıb ki, bu gün dünyada Azərbaycanın cəsarətli siyasi, ideoloji, iqtisadi və mədəni sıçrayışına hamımız şahidiyik: “Müasir Azərbaycanın inkişafında gənclərin rolu əvəzsizdir. İnanırıq ki, onlar Vətənə layiqli övlad kimi xidmət göstərəcəklər. Dəvətimizi qəbul edib “Məzun günü”ndə iştirak edən səfirlərə, millət vəkillərinə təşəkkürümü bildirirəm ki, bu təhsil bayramını bizimlə bir yerdə keçirirlər. Tədris prosesində sizin hər birinizin yaxından iştirakının şahidi olmuşuq, sizin dəstəyinizi hiss etmişik”.

Kamal Abdulla əlavə edib ki, ADU-nun qapıları öz məzunlarının üzünə həmişə açıq olub və bu, hər zaman belə olacaq: “Əziz məzunlar, harda olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz. 44 günlük Vətən Müharibəsi bizim boynumuza böyük bir məsuliyyət qoydu. İnanıram ki, siz Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin yolunu inamla, cəsarətlə, ləyaqətlə davam etdirəcəksiniz. Öz yurdunuzun, torpağınızın, təhsil aldığınız universitetin adını həmişə ləyaqətlə ucaldacaqsınız. Hamınızı təbrik edirəm, bağrıma basıram. Xahiş edirəm, mənim və həmkarlarımın ən xoş arzularını evdə valideynlərinizə də söyləyin”.

Tədbirdə daha sonra çıxış edən səfirlər, müvəqqəti işlər vəkilləri, səfirlik əməkdaşları və millət vəkilləri ADU-nun qazandığı uğurlardan, bu ali təhsil ocağının genişlənən beynəlxalq əlaqələrindən danışıb, tələbələrə gələcək həyatlarında uğurlar arzu edib, təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplom və fəxri fərmanlar təqdim ediblər.

Mərasimdə Vətən müharibəsi iştirakçısı olmuş məzun qazilərə, akademik göstəriciləri yüksək olan və fəallığı ilə seçilən məzunlara universitetin rəhbərliyi tərəfindən fəxri fərmanlar verilib.

Sonra bədii hissə təqdim olunub.

Keçidlər