Azərbaycan oftalmologiyasını dünyada şöhrətləndirən alim
Azərbaycanın elmi-mədəni tarixində silinməz iz qoymuş, xalqımızın parlaq simaları sırasında əbədi yer almış görkəmli alim və həkim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü ölkəmizdə təntənəli surətdə qeyd edilir. Həyatdan vaxtsız köçmüş dünya şöhrətli oftalmoloqun əziz xatirəsinə dərin ehtiram ifadə olunur, təbabət elminin inkişafında alimin xidmətləri qədirbilənliklə yada salınır.
Hər bir xalq onun ümumi tərəqqisində, sivil dəyərlərə qovuşmasında müstəsna xidmətləri olan övladları ilə, haqlı olaraq, öyünür, belə yetirmələrinin həyat və mübarizə yolunu milli yetkinləşmə örnəyi kimi qəbul edir. Azərbaycan xalqının belə şəxsiyyətlərindən biri də humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır. Milli-mənəvi dəyərlərimizin qorunmasında, yeni nəsillərin təlim-tərbiyəsində Azərbaycan qadınının oynadığı tarixi rolu şəxsi nümunəsi və çoxsaylı xidmətləri ilə zənginləşdirmiş istedadlı alim və təcrübəli oftalmoloq Zərifə xanım Əliyeva xalqın sonsuz sevgisini qazanaraq yaddaşlarda silinməz izlər qoyub.
Görkəmli alimə və şəfalı təbibə belə bir zirvəyə yüksəlməkdə dərin zəkası, yüksək mənəviyyatı, böyük zəhmətsevərliyi ilə yanaşı, həm də gendən və böyüdüyü ailənin ictimai statusundan irəli gələn keyfiyyətlər də dəstəkçi olub. Zərifə xanım atasının – görkəmli dövlət adamı və ictimai xadim, nüfuzlu pedaqoq-alim, professor Əziz Əliyevin xalqa xidmət və elmi yaradıcılıq yolunu uğurla davam etdirib. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət bu nəcib və fədakar insanın həyatında yüksək təcəssümünü tapıb. Azərbaycan qadınının yüksək məramını və şərəfli adını daim uca tutan Zərifə xanım xalqımızın şöhrət çələnginə solmaz güllər əlavə edib.
Yüksək mədəniyyəti, ünsiyyətdə səmimiliyi, qayğıkeşliyi, ehtiyacı olanın köməyinə çatmaq bacarığı Zərifə xanımın xarakterinin başlıca keyfiyyətləri olub. Hədsiz dərəcədə xeyirxah bir insan olaraq o, yaşamaqdan, işləməkdən xüsusi zövq alıb, insanlara gərəkli olmaq üçün bütün bilik və bacarığını sərf edib. Bu dəyərlər onun həyatının əsas yönünü mənalandırıb, uğurlarına yol açıb.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zənginliyi və çoxcəhətliyi ilə nadir bir nümunə təşkil edir. Novator alim, pak və nəcib bir insan kimi onun mənalı ömür yolu hər bir soydaşımız, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Dünya şöhrətli alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsi olmaqla yanaşı, dünya təbabətinə də layiqli töhfə sayılır. Nadir elmi əsərlərin, səmərələşdirici təklif və ixtiranın müəllifi olan Zərifə xanımın irsi bu gün də öz aktuallığını itirməyib.
Sevib-seçdiyi peşəsinə müstəsna bir həvəslə yanaşan, daim yeniliklər axtarışında olan Zərifə xanımın elmi tədqiqatları ilk illərdən böyük maraq doğurub, təcrübi əhəmiyyət daşıyıb. Onun elmi irsində peşə ilə bağlı görmə problemi xüsusi yer tutur. İlk dəfə olaraq doktor Əliyeva sənaye obyektlərində müxtəlif maddələrin insan gözünə təsiri sahəsində elmi tədqiqatlar aparıb. Azərbaycanlı oftalmoloq dünyada peşə patologiyasını araşdıran ilk elmi-tədqiqat laboratoriyası yaradıb və bununla təbabət elmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub.
Uzun illər apardığı müşahidələr, kliniki tədqiqatlar əsasında Zərifə xanım Əliyeva 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmoloji mərkəzlərindən biri olan Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. Peşə xəstəlikləri ilə bağlı elmi araşdırmalarının uğurlu nəticələrinə görə professor Zərifə Əliyeva oftalmologiya sahəsində ən mötəbər mükafata – SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyeva bu mükafatla təltif olunan ilk qadın alim idi.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. O, elmi-pedaqoji fəaliyyətində səmərəli tədqiqat işləri ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanmasına və oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasına da xüsusi diqqət yetirib, böyük zəhmət sərf edib. Görkəmli oftalmoloqun birbaşa rəhbərliyi ilə gənc alimlərin və ğöz həkimlərinin böyük bir nəsli yetişdirilib. Zərifə xanım həmişə tələbələrinə peşə təcrübəsini həvəslə öyrədib, onlara insani həssaslıqla yanaşıb. Bu gün də onun yetişdirdiyi kadrlar insanlara sağlamlıq bəxş edirlər.
Zərifə xanımın həkim fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, insanların problemlərinə qayğısı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırıb. Bütün bunlardan əlavə, akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiyasını keçmiş İttifaq və dünya səviyyəsində tanıdan, təbabətdə öz dəst-xətti olan peşəkar həkim və yenilikçi alim kimi məşhurlaşıb. Təbabət elminə sanballı töhfələrinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. Zərifə xanım bir sıra orden və medallarla təltif olunub, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Zərifə xanımın keçdiyi şərəfli həyat yolu müasir qadının bitkin və kamil simasının formalaşması üçün həyat dərsliyidir. Bu insanın işgüzar keyfiyyətləri onun şəxsi davranışları ilə ahəngdarlıq təşkil edirdi. Təkcə alimliyi, həkimliyi ilə yox, dövlət xadiminin qızı, dünya şöhrətli siyasətçinin ömür-gün yoldaşı kimi də Zərifə xanım qibtə ediləcək bir tale yaşayıb. Siyasətçilər, politoloqlar Heydər Əliyev irsini araşdırarkən ulu öndərlə bir yerdə ikinci böyük bir şəxsiyyətin adına da mütləq diqqət yetirməli olurlar. Bu mənada onun bioqrafiyası “Hər bir güclü kişinin arxasında güclü bir qadın dayanır” həqiqətini bir daha təsdiqləyir.
Zərifə Əliyevanın müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olması hər bir azərbaycanlı üçün ikiqat önəmli və öyünclüdür. Heydər Əliyev və Zərifə xanım gənclik illərindən həyatın ağrı-acılarını da dadıblar, amma bütün çətinliklərə sinə gərərək talelərini ortaqlaşdırmağı bacarıblar, mənalı və şərəfli ömür yaşayıblar.
Ulu öndər Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısını, mənəvi dəstəyini yüksək qiymətləndirirdi.
Bir-birini üzvi surətdə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə, gənclərimizə örnək, ən yaxşı milli dəyərlərimizin cəmləşdiyi zəngin bir qaynaqdır.
Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri kimi fəaliyyətinin ilk günlərindən respublikada ciddi dəyişikliklər prosesi başlayıb, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. Bu yeniləşmə ölkənin mədəni və elmi həyatında da canlanma yaradıb. Sovet dövründə məhz ulu öndər Heydər Əliyevin cəsarəti, fədakarlığı və ona dayaq olan Zərifə xanımın xalqına dərin bağlılığı milli dəyərlərimizi məhv olmaqdan qoruyub, Azərbaycanda milli elm və təhsilin, ədəbiyyat və incəsənətin tərəqqisinə əlavə təkan olub.
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Bu iki dahi şəxsiyyətin övladı, müstəqil Azərbaycanın rəhbəri İlham Əliyev məhz Heydər Əliyev siyasət məktəbindən dərs alaraq, Zərifə xanımın ana məhəbbətindən səmimiyyət əxz edərək xalqa xidmət amalını bir ailə ənənəsi kimi qəbul edib. Ulu öndərin həyat və mübarizə yolunun ən layiqli davamçısı kimi Oğul Əliyev Ata Əliyevin arzu və əməllərini yüksək səviyyədə gerçəkləşdirir.
Dövlət başçısı İlham Əliyev Ata vəsiyyətinə, Ana öyüdünə sədaqəti ilə bu gün Azərbaycanın taleyüklü məsələlərini məharətlə həll edir və haqlı olaraq xalqın böyük inam və güvənc ünvanına çevrilib. Ölkəmizin sürətli inkişafına, dünyadakı nüfuzuna, möhtəşəm uğurlarına nəzər salarkən dövlət başçısının bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, Zərifə xanımın da arzu-istəklərinin seçilən izlərini görürük.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi yolla sürətlə inkişaf edən, azad, müstəqil, gələcəyə inamla baxan müasir Azərbaycanı görmək, çox təəssüf ki, Zərifə xanıma qismət olmadı. Lakin Azərbaycanın bugünkü uğurları bu nəcib və nurlu şəxsiyyətin ruhunu daim şad edir.
Zərifə xanım Əliyeva xalqımızın mənəvi dünyasında daim yaşayacaq bir insan kimi artıq çoxdan abidələşmişdir. Azərbaycan səhiyyəsinin və bütünlükdə tibb elminin inkişafında unudulmaz xidmətləri olan böyük alim, istedadlı göz həkimi Zərifə Əliyeva qəlbimizdə dahi insan, kübar qadın, mehriban və qayğıkeş ana kimi yaşamaqdadır. Zərifə xanım bir insanın və bir alimin yüksələ biləcəyi ən ali məqamdadır. O məqamın adı əbədiyyətdir.
Asif Əsgərov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı