Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Nəsimi rayon qadınlarının konfransı keçirildi.
04.10.2023-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Nəsimi rayon qadınlarının konfransı keçirildi.
Konfransda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müaviniGülarə Verdiyeva, rayonun təhsil, səhiyyə, mədəniyyət , QHT-lərin, İctimai Şuranın, sahibkarların və digər müəssisələrinin qadın nümayəndələri, YAP-ın Nəsimi rayon təşkilatının fəal qadın üzvləri və rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallığı ilə seçilən qadınlar iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva konfransı açıq elan edərək bildirdi ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman fərqlənib və tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib. Qeyd edildi ki, çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Çıxış edən natiqlər cəmiyyətimizdə qadınların ən çox rastlaşdığı problemlər, erkən evliliklər və onun fəsadları, məişət zorakılığı halları, qadınların məşğulluq məsələləri və s. mövzulara toxunaraq bu məsələlərin həlli istiqamətində öz fikir və tövsiyələrini bildirdilər.
Sözügedən tövsiyyələr aşağıdakılardır :
- Təhsildən yayınan qadınların təhsilə cəlb edilməsi.
- Peşə təhsilinin əlçatanlığının təmin edilməsi.
- Qadınların məşğulluq problemlərinin həll edilməsi.
- Qızların ailə həyatına hazırlığının sistemli şəkildə aparılmasının təşkil edilməsi.
- Məişət zorakılığını törədən problemlərin səbəblərinin aradan qaldırılmasına dair işlərin həyata keçirilməsi.
Konfrans mövzu ətrafında müzakirələrlə davam etdi.