Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Sizi – XXI əsrin xoş məramlar elçisinə çevrilən, nəcibliyi, xeyirxahlığı, mərhəməti ilə milyonların sevgisini qazanan, siyasəti mərhəmət, şəfqət amilləri ilə zənginləşdirən ictimai-siyasi dövlət xadimini Nəsimi rayon ictimaiyyəti adından Ad gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Hörmətli Mehriban xanım!
Uzun illərdir davam edən çoxşaxəli fəaliyyətiniz ərzində Azərbaycanda elə bir sahə olmayıb ki, orada Sizin iziniz, əməyiniz, xidmətiniz, zəhmətiniz duyulmasın. Azərbaycanın qazandığı bütün zəfərlərdə, imza atdığı bütün uğurlarda Sizin xüsusi rolunuz vardır və Siz Azərbaycan naminə görülən hər bir işə öz töhfənizi verirsiniz. Sizin fəaliyyətiniz hər addımda Ulu öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edir.
Sizin çox görkəmli və təkrarsız fəaliyyətiniz yalnız milli-mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlibdir.
Hörmətli Mehriban xanım!
Siz hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsinin getdiyi şərəfli və eyni zamanda çətin dövrdə də xalqın qayğısına qalmaqla milli qələbəmizə böyük töhfə verdiniz. İşğaldan azad edilən torpaqlarımıza ilk səfərlərdə heç bir təhlükədən çəkinməyərək, hər zaman dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında yer alaraq bir daha Azərbaycan xalqının Vətən sevgisinin, Vətən həsrətinin böyüklüyünü göstərdiniz, orada xalqımizı təmsil etdiniz.
Sizin rəhbərliyiniz ilə ölkəmizin milli maraqlarına xidmət edən və tarixi ənənələrimizi yaşadan möhtəşəm layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmətinin, yüksək əxlaqi dəyərlərə, zəngin mənəvi-intellektual səviyyəyə malik olduğunun bariz nümunəsidir.
Hörmətli Mehriban xanım!
Siz təmənnasızlığa söykənən fəaliyyətiniz ilə xalqımızın böyük rəğbətini qazanmısınız. Bu gün Azərbaycan qadınının bütün milli xüsusiyyətlərini özündə daşımaqla bərabər, çağdaş mədəniyyətin çağırışlarını da cavabsız qoymayaraq Sizin göstərdiyiniz əzm, iradə, həssaslıq gənc nəsillər üçün örnək təşkil edir.
Bəli, Siz özünəməxsus yüksək intellektiniz ilə ən dəyərli olanı qazanmısınız - insanların və xalqın sevgisini.
Vətənə məhəbbət, dövlətçiliyimizə sədaqət və xalq sevgisi Sizin ürəyinizin çağırışıdır. Dövlətçiliyimizin möhkəmlənməsi, xalqın rifah halının durmadan yüksəlməsi və Azərbaycanın daimi yüksəlişi ədalət, mərhəmət və sevgi dolu bir ürəyin ən səmimi arzularıdır.
Bu müqəddəs diləyin uğurla həyata keçməsi milyonlarla insanın ürəyində sevinc və minnətdarlıq hissi yaradır. Bu gün milyonların ürəklərində səslənən ən xoş arzular xalq üçün, Vətənimiz üçün yorulmadan, usanmadan çalışan fədakar insana – Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanır.
Hörmətli Mehriban xanım!
Bir daha Sizi - sonsuz xalq sevgisinə sahib olan mükəmməl şəxsiyyəti, xalqımızın maraqları, mənafeyi, inkişafı üçün çalışan, dövlətimizin möhkəmliyinin, müstəqilliyinin, əbədiliyinin və dönməzliyinin təmin olunması üçün müstəsna xidmətlər göstərən görkəmli dövlət xadimini - Ad gününüz münasibətilə təbrik etməkdən böyük şərəf duyur, milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən yorulmaz fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Nəsimi rayon ictimaiyyəti adından
İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov