Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Zati-Aliləri cənab İlham Heydər oğlu Əliyevə.
Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Sizi - görkəmli dövlət xadimini, qüdrətli sərkərdəni - böyük Qələbənin - “8 Noyabr - Zəfər Günü”nün ikinci ildönümü münasibətilə Nəsimi rayon ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edirik.
İki il əvvəl Sizin komandanlığınızla rəşadətli ordumuz əsl qəhrəmanlıq göstərdi, Ermənistanın ardıcıl təxribatlarının və yeni məkrli planlarının qarşısını almaq, işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşündə çox böyük uğurlar əldə etdi. Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri noyabrın 8-də 28 illik həsrətdən sonra işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək nadir əməliyyatlardan birinə çevrildi. Sizin söylədiyiniz “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi artıq vətənpərvərlik harayına çevrildi. Bu böyük işi Sizin komandanlığınızla müzəffər Azərbaycan ordusu uğurla yerinə yetirdi, şəhidlərimizin qanı yerdə qalmadı. Zəfər Günü bizim Qarabağımıza qovuşduğumuz tarixi bir gündür. Həmin gün Qarabağ münaqişəsinə ölkəmizin möhtəşəm Qələbəsi ilə “nida” qoyduğunuz gündür. Siz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda Ulu öndərimiz Heydər Əliyevin başlatdığı mübarizəni layiqli şəkildə davam etdirdiniz və uğurla sona çatdırdınız. Qarabağın düşmən tapdağından qurtulması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Sizin rəhbərliyinizlə rəşadətli ordumuz 44 gün ərzində mümkünsüzü mümkün edərək bizə həddi-hüdudu olmayan sevinc hissi yaşatdı.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə tarixi ədalətin təntənəsini təmin etmiş və Azərbaycanın işğal altında olan torpaqlarını qaytarmış ordumuzun misilsiz igidliyinin, iradəsinin və qətiyyətinin şahidi olduq. Qarabağın azad edilməsi təkcə Azərbaycanın nailiyyəti deyil, türk dünyasının bütün xalqları üçün qürur mənbəyidir. Bütün türk dünyasına qürur yaşadan Azərbaycanın şanlı Qələbəsi, eyni zamanda, tarixi ədalətin bərqərar olmasıdır. Sizin sarsılmaz iradəniz və müdrikliyiniz, Azərbaycan ordusunun tükənməz əzmi və xalqın birliyi nəticəsində artıq doğma Qarabağımızda üçrəngli bayrağımız dalğalanır. Siz heç bir beynəlxalq maneəyə məhəl qoymayaraq bütün dünyaya bəyan etdiyiniz cəsarətli çıxışlarınız və dərin siyasi düşüncə ilə atdığınız diplomatik addımlar nəticəsində ata vəsiyyətini parlaq şəkildə yerinə yetirdiniz.
Möhtərəm cənab Prezident!
Siz hərb və diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da zəfər qazandınız, düşmənə ağır zərbələr vurdunuz. Bu Qələbə ilə Siz haqqı, ədaləti bərpa etdiniz. Bu gün işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə heyrətamiz dərəcədə yenidənqurma və bərpa işlərinin aparılması, müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi Azərbaycanın hərtərəfli inkişaf etmiş bir dövlətə çevrilməsinin sübutudur. Sizin əmriniz, ordumuzun gücü ilə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ uğrunda 44 gün ərzində döyüşərək Qələbə qazanmağımız bütün dünyaya örnək oldu. Böyük çətinliklər hesabına haqq uğrunda apardığımız mübarizədə əldə etdiyiniz bu Qələbə əbədi olaraq Sizinlə olacaqdır!
Möhtərəm cənab Prezident!
Sizin adınız bu Qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıbdır. İşğal altındakı Vətən torpaqlarının azad edilməsi üçün göstərdiyiniz dəyanətə, əzmə, qətiyyətə görə Sizə minnətdarıq. Azərbaycan xalqının düşüncə və fikir birliyinin yüksək səviyyəyə qalxmasına imkan verən, regionda faydalı əməkdaşlığa yeni üfüqlər açan möhtəşəm Zəfər münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirik. Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza əmin-amanlıq, tərəqqi, firavanlıq arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Nəsimi rayon ictimaiyyəti adından
İcra Hakimiyyətinin başçısı Asif Əsgərov