Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Nəsimi Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyəti ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü və 4-cü kürs tələbələri Bakı şəhərinin Nəsimi Rayon İcra Hakimiyyətində olaraq yerli icra hakimiyyətinin gündəlik fəaliyyəti ilə əyani şəkildə tanış olublar.
Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, RİH-nin başçısı Aparatının struktur bölməlırinin rəhbərləri və əməkdaşları, Nəsimi bələdiyyəsinin sədri, Akademiyanın müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müəllim və tələbələri salamlayaraq rayon barədə geniş məlumat verdi. Bildirdi ki, “Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 ilə nəzər salsaq, respublikamızın bütün sahələrdə xüsusilə də dövlət idarəçiliyində əldə etdiyi uğurlar, sosial-iqtisadi nailiyyətlər göz qabağındadır. Öz gündəlik həyatında bu dinamik inkişafı hiss edən Azərbaycan vətəndaşlarının mövcud siyasi kursa inamı və etimadı günü-gündən möhkəmlənir. Xalqımız yeganə güvənci və sabahının təminatı kimi baxdığı bu siyasi kursu birmənalı dəstəkləyir və alternativsiz seçim ünvanı kimi qəbul edir. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin əməyinin danılmaz olduğunu qeyd edən natiq, müəllimlərin bundan sonra da yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklərinin əminliyini bildirdi.
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Nurəddin İbrahimov Akademiyanın rəhbərliyi və tələbələr adından rayon rəhbərliyinə tanışlıq və maarifləndirməyə görə öz minnətdarlığını bildirdi.
Tələbələr rayon İcra Hakimiyyətinin iş fəaliyyəti ilə yaxından tanış oldular. Struktur bölmələrinin rəhbərləri fəaliyyətləri haqqında tələbələrə ətraflı məlumat verərək, onları maraqlandıran sualları cavablandırıblar.