Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ (ATU) 8 NOYABR - ZƏFƏR GÜNÜNÜN 2-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

05 noyabr 2022 | 13:30

Məğlubiyyət acısına ancaq qalibiyyət sevinci məlhəm ola bilir. Ona görə də xalqımızın şanlı qələbəmizə bu qədər təşnə olması təbiidir. Cəsur oğullarımızın imzası ilə hərb tarixinə düşən, ümumxalq bayramına çevrilən 8 noyabr – Zəfər Günü artıq 2-ci ildir ki, ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Tibb Universitetində də böyük təntənə ilə qeyd edilir. Bu münasibətlə ATU-da professor-müəllim heyətinin, tələbələrin və dəvət olunmuş qonaqların iştirakı ilə ədəbi-bədii gecə keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitet şəhərciyində şəhid məzunların xatirəsinə ucaldılmış abidə kompleksinin önünə güllər qoyublar. 

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. 

Azərbaycanın səhiyyə naziri Teymur Musayev giriş nitqində 44 günlük Vətən müharibəsində qazanılmış misilsiz qələbənin əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilmiş Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Hər bir Azərbaycan vətəndaşının qürur və fəxarət mənbəyi olan bu günün milli dəyərlərimizi özümüzə qaytardığını, regionda yeni geosiyasi reallıqlar formalaşdırdığını vurğulayıb: “Dünya arenasındakı nüfuzlu ölkələr Azərbaycanla, onun milli maraqları ilə hesablaşmaq məcburiyyətində qaldılar. Zəfər günü 44 günlük Vətən müharibəsində birliyimizin rəmzi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli ordumuzun parlaq qələbəsinin simvoludur. Bu günün tarixi 44 günlə yanaşı, ötən 30 il ərzində yazılıb. Qarabağı 30 il ərzində unutmağa qoymayan hər kəs bu səlnamənin səhifəsidir”.

Çıxışında qələbəmizə bilavasitə təsir edən amillərə də toxunan nazır, parlaq qələbəmizin təminatında müasir hərb elminin yeniliklərindən xəbərdar olan və onları yüksək peşəkarlıqla tətbiq edən zabitlərin, qorxmaz əsgərlərin, rəşadətli ordumuzun misli görünməmiş qəhrəmanlığından söhbət açıb. Vətən müharibəsində qələbəmizin təkcə döyüş meydanında deyil, diplomatik cəbhədə, informasiya müharibəsində, tibbi yardım sahəsində də təmin edildiyini xatırladan T.Musayev bildirib ki, ərazilərimizin işğaldan azad edilməsi məqsədilə aparılan əks-hücum əməliyyatı ölkə səhiyyəsi üçün də növbəti ciddi sınaq idi: “44 günlük Vətən müharibəsində yaralananların həyatı uğrunda savaşda tibb işçiləri vəzifə borclarını peşəkarcasına, ləyaqətlə, vicdanla yerinə yetirdilər. Yüzlərlə tibb işçisi vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı fədakarlıq və rəşadət göstərdiklərinə görə orden və medallarla təltif edildi. Yaralıların həyatı uğrunda mübarizədə bütün tibb ictimaiyyəti səfərbər olundu. Həm hərbi, həm də mülki həkimlərimiz hər bir yaralının xilası, tam sağalması, normal həyata qayıtması uğrunda eyni əzmkarlıqla çalışdılar və bu gün də çalışmaqdadırlar”.

 Nazir yaralı əsgər və zabitlərimizin sağlamlıqlarının bərpası zamanı son dövrlərdə ölkə səhiyyəsinin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsində görülən işlərin böyük rolu olduğunu da vurğulayıb: “Paytaxtda və regionlarda yeni tibb müəssisələrinin açılması, xüsusilə cəbhəyanı bölgələrdə ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş rayon mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzlərinin yaradılması lazımi məqamda yaralılara yardım göstərilməsi üçün vaxtında atılmış zəruri addım idi”.

Müharibədə və ondan sonrakı dövrdə yaralıların həyatı və sağlamlığı uğrunda Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin, əməkdaşlarının, rezidentlərinin və tələbələrinin xidmətlərini də yüksək qiymətləndirən nazir, böyük fədakarlıqla hər bir xəstənin, yaralının həyatı uğrunda əlindən gələni əsirgəməyən bütün tibb işçilərinə minnətdarlığını bildirib. Xəsarət alan şəxslərə Allahdan şəfalar diləyib, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.  

 “Hər sahədən həkimlərimiz Vətənin çağırışı ilə könüllü olaraq cəbhə bölgəsində xidmət etdilər. Azərbaycanın tibb işçiləri əsl qəhrəmanlıq və öz peşələrinə sədaqət nümayiş etdirərək həm ön, həm də arxa cəbhədə yüzlərlə yaralı hərbçimizi həyata qaytardılar. Təəssüf ki, öz vəzifə borcunu yerinə yetirən zaman həkim və tibb işçiləri arasında şəhidlərimiz də oldu. Onların xatirəsini daim əziz tuturuq. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər günü şərəf və qürur günümüz oldu. Biz hər il bu günü fəxrlə, sevinclə, qələbəni bizlərə bəxş edən hər kəsə minnətdarlıq hissi ilə qeyd edəcəyik. Qoy bundan sonra Vətənimizin hər ili qalibiyyət ili olsun - deyərək Teymur Musayev fikrini tamamlayıb.

Çıxışı zamanı bayram tədbirində professor-müəllim heyətini, tələbələri və qonaqları salamlamaqdan qürur duyduğunu deyən ATU-nun rektoru, professor Gəray Gəraybəyli, milli yaddaşımıza qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər Gününü yurdumuzun qəhrəmanlıq səlnaməsi kimi dəyərləndirib: “Böyük türk və dünya alimi, Nobel mükafatı laureatı Əziz Sancarın da dediyi kimi, Qarabağ zəfəri türk dünyasının son 200 ildə qazandığı ən böyük zəfərdir. 30 illik həsrətə son qoyan bu əzəmətli qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi günüdür. Hər bir azərbaycanlı bu qələbəyə, bu zəfərə inanırdı. Bu böyük inam hissini xalqımızda ulu öndər Heydər Əliyev yaratmışdır. O vaxtilə Şuşa haqqında, Qarabağ haqqında danışanda hər dəfə “Biz bu torpaqlarımıza qayıdacayıq” deyirdi. Hesab edirəm ki, məhz bu inam zəfərimizin başlanğıcı idi. Bəli, biz bu torpaqlara qayıtdıq. Ulu öndərin xalqımızda yaratdığı inam və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan əsgərinin rəşadəti xalqımızın birliyi bizləri Qarabağa qovuşdurdu”.

Azərbaycan torpaqlarının qarış-qarış, kənd-kənd azad edildiyini, 8 noyabrda Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşanın mənfur düşmən tapdağından qurtulduğunu söyləyən rektor, qardaş Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstəyi xüsusi məmnunluqla yada salıb. Eyni zamanda bu böyük qələbənin itkisiz qazanılmadığını da təəssüflə xatırladıb: “Düşmənlə savaş meydanında yüzlərlə Azərbaycan gənci canını, sağlamlığını qurban verməli oldu. Qarabağ torpaqları uğrunda döyüşlərdə vuruşmuş qazilərimizə şəfa və uzun ömür diləyirik. Şəhid olmuş vətən oğullarımızın ruhu qarşısında baş əyirik. Onu da qeyd edim ki, müharibədə şəhid olan hərbçilərimizdən 18 nəfəri həkim və hərbi feldşerdir. Həmin həkim və feldşerlər universitetimizin Hərbi tibb fakültəsinin yetirmələridir”.

Professor G.Gəraybəyli universitetimizin məzunları, əməkdaşları, o cümlədən həkim və tibb işçilərinin Vətən müharibəsi zamanı və sonrakı dövrdə qazilərimizin reablitasiya və müalicəsində göstərdikləri peşəkar yardımların xalqımız tərəfindən yüksək qiymətləndirildiyini də vurğulayıb.

II Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizi xalq və iqtidar birliyinin nəticəsi kimi səciyyələndirən rektor, 44 günlük qəhrəmanlıq savaşımızın tarix boyu qürur mənbəyimiz olaraq qalacağını diqqətə çatdırıb.

Bundan sonra “Qan yaddaşımız” videoçarxı nümayiş olunub. Həmçinin ATU-nun tələbələri “Şəhid anası” tamaşasını təqdim ediblər.

Daha sonra ədəbi-bədi gecə rəngarəng konsert proqramı ilə davam edib. Tədbirin aparıcısı Əli Əliyev tələbə ifaçılarımızın Zəfər yolu ilə Qarabağımıza qastrol səfərinə gedib, müxtəlif festivallarda iştirak etməsi inamıyla sözü musiqiyə verib. ATU-nun “Çinar” rəqs ansamblı və “Şəfa” xalq çalğı alətləri ansamblının üzvləri tədbir iştirakçılarına əsl qələbə ovqatı yaşadıblar. Müalicə-profilaktika fakültəsinin I kurs tələbələri Roza Ağayeva və Şamil Əliyev, II kurs tələbəsi Məryəm Nayıbova, III kurs tələbələri Nicat Əhmədov və Nihad Salahlı, IV kurs tələbələri Ülkər Gülmalıyeva və Minayə Yusifova, Hərbi tib fakültəsinin VI kurs tələbəsi Nicat Nəsibli, Əczaçılıq fakültəsinin II kurs tələbəsi Sona Əkbərli, “Şəfa” xalq çalğı alətləri ansamblının fəxri üzvü Əziz Əhmədli və 6 yaşından ATU-nun bütün tədbirlərində yeganə kənar ifaçı qismində çıxış edən Fatimənin ifaları tədbir iştırakçıları tərəfindən alqışlarla qarşılanıb.

 

Keçidlər