Azərbaycan Tibb Universitetinin Şəhid məzunlarının xatirəsinə ucaldılmış “Memorial Abidə Kompleksi”nin açılış mərasimi keçirildi.
Vətən uğrunda şəhid olmuş Azərbaycan Tibb Universitetinin məzun tələbələrinin xatirəsinə ucaldımış “Memorial Abidə Kompleksi”nin açılış mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli açaraq qeyd etdi ki, Vətən müharibəsində hərbi qulluqçularla yanaşı, Universitetin məzunları misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdırlar. Qeyd olundu ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərilmiş, xeyli sayda əsgər və zabitimizin həyatı xilas olunmuşdur.
Döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyətinin ATU-nun yetirmələri olduğu vurğulandı və xatirəsinin əbədiləşdirməsi üçün 18 şəhidin adlarından ibarət hazırlanan “ Memorial Abidə Kompleksi”nin açılış mərasiminə toplanılması qeyd olundu.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.
Eyni zamanda qeyd olundu ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır.
Daha sonra abidənin açılış mərasimində çıxış edən kapitan Şöhrət Qasımovun həyat yoldaşı Türkan Qasımzadə öz ailəsi və bütün şəhid ailələri adından şəhid həkimlərin xatirəsinin əbədiləşdirilməsinə görə başda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və rəhbərliyə təşəkkürünü bildirdi.
Tədbir iştirakçıları, şəhid aillələrinin Şəhid məzunların adları həkk olunmuş abidənin önünə gül-çiçək dəstələri düzdülər.