Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Universitetində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

13 dekabr 2022 | 10:21

Dekabrın 12-də Azərbaycan  Universitetində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə professor-müəllim heyəti iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Universitetin foyesində yerləşən Ulu öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri düzüblər. Azərbaycan Respublikasının Dövlət Hümni səsləndikdən sonra  Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov açaraq, Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb.

Sonra Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Bu gün biz ötən dövrlərin siyasi durumunu dərk etməyə çalışarkən başa düşürük ki, bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Bu zirvədən yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bü günü, sabahı görünür. Bu zirvə Heydər Əliyev simasında Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tariximizin yüksəldiyi zirvədir. Zaman-zaman yeniləşən nəsillər bu dahi şəxsiyyətin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində xalqın əsrlərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü azad ölkənin vətəndaşı kimi dərk etməsi kimi misilsiz tarixi prosesi əhatələyir.  Hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdırır, mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Ötən əsrdə xalqımızın yetirdiyi belə nadir şəxsiyyətlərdən birincisi olan Heydər Əliyev də müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi yeni şərtlərlə davam etdirməyə qadir olan, istedadlı, praqmatik, rasional təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı - lider yetişdirmişdir.

Ötən 19 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamının parlaq təzahürüdür. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevə minnətdardır. Xalqımız Ümummilli Liderə həm də ona görə minnətdardır ki, İlham Əliyev kimi lideri bizə bəxş etdi. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün bütün dünya Azərbaycana qibtə edir, uğurlarımız, qələbələrimiz heyranlıqla qarşılanır. Xüsusilə 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı.

Sonra AMEA Tarix İnstitutu, “Əliyevşünaslıq” şöbəsinin müdiri, professor Ədalət Qasımov  “Ulu öndər Heydər Əliyev – böyük insan, böyük şəxsiyyət” mövzusunda çıxış etdi.

Daha sonra Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Vəfa Əliyev “Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına töhfələri” mövzusunda çıxış edib.

Tədbirin sonunda  Ulu öndər Heydər Əliyev haqqında film nümayiş etdirilib.

Keçidlər