Azərbaycana tariximizin ən şanlı Qələbəsini qazandıran Lider
Azərbaycanın çağdaş siyasi tarixinə taleyüklü hadisələrdən biri kimi yazılmış 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkisi ölkəmizdə hərtərəfli inkişaf və yenilənmənin yeni mərhələsinin başlanğıcı oldu. Xalqımız həmin seçkidə də taleyini böyük inam və yüksək etimadla müstəqil Azərbaycan dövlətini memarı və qurucusu Heydər Əliyevin ən layiqli davamçısı, ölkəmizi ümummilli liderin yaratdığı fundamental əsaslar üzərində regionun ən qüdrətli dövlətinə çevirmiş İlham Əliyevə etibar etdi.
4 il əvvəlin bu günlərində Azərbaycan xalqı müstəqil dövlətimizi ulu öndərin müəyyən etdiyi yol və onun tarixi vəsiyyətləri əsasında qələbədən-qələbəyə aparan Prezedent İlham Əliyevin ətrafında sıx birləşməklə inkişafın davamlı və ölkəmizin daha qüdrətli olmasına, 28 ildən bəri pozulmuş ərazi bütövlüyümüzün də tezliklə təmin edilməsinə səs verdi. Seçkidə modern siyasət və dövlət xadimi İlham Əliyevin parlaq qələbəsi bir daha təsdiq etdi ki, müdrik və qədirbilən xalq öz taleyini məhz illərin sınağından çıxmış, ölkənin inkişafını təmin etmiş, başqa alternativi olmayan bir siyasətə etibar edir. Bu mütləq etimad 2 ildən sonra Azərbaycana öz tarixinin ən möhtəşəm Zəfərini qazandırdı – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz işğalçı Ermənistanı ağır məğlubiyyətə uğratdı, ölkəmizin ən ağrılı Qarabağ problemi də, nəhayət, uğurlu həllini tapdı.
Cəmiyyətdəki çoxluğun mənafeyinə cavab verən, praqmatik və realist siyasət yürüdən Prezident İlham Əliyevin son seçkidəki möhtəşəm qələbəsini şərtləndirən əsas amillərdən biri dövlət başçısının məhz Heydər Əliyev siyasi kursuna istinad etməsi, ümummilli liderin ideyalarını bütün sahələrdə ardıcıl gerçəkləşdirməsi, onun siyasi kursunu forma və məzmunca zənginləşdirməsidir. Azərbaycan lideri İlham Əliyev əvvəlki prezidentlik müddətlərində milli inkişaf strategiyasını yeni dövrün tələbləri, modern yanaşma ilə uğurla davam etdirməklə ümummilli liderin siyasi kursunun alternativsizliyini birmənalı təsdiqləmişdi. 2018-ci ilin aprel seçkisi bir daha Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yolu olduğunu, milli inkişafda mütləq rol oynadığını növbəti dəfə təsdiqlədi. Seçkinin nəticəsi hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən bu siyasi kursun böyük ictimai etimada, dəstəyə arxalandığını növbəti dəfə sübuta yetirdi.
Yeni seçilmiş dövlət başçısı kimi Prezident İlham Əliyev bir həftə sonra– 2018-ci il aprelin 18-də Milli Məclisdə növbəti andiçmə mərasimində təntənə ilə bəyan etdi ki, qarşıdakı 7 ilin prioritetləri də əhatəlidir, hədəflər aydındır və bu yolda başlıca məqsəd Azərbaycanı daha da gücləndirmək, hərtərəfli tərəqqi ilə daha qüdrətli dövlətə çevirməkdir. İlham Əliyevin hər bir prezidentlik dövrü müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızn güzaranının yaxşılaşdırılması uğrunda tarixi mübarizənin yüksəliş mərhələləridir. Bu, həm də tarix qarşısında öyünclü milli hesabatlardır. Bu tarixin hər səhifəsində xalqımızın görmək istədiyi nailiyyətlər sıralanmışdır.
Prezident İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi 2003–2018-ci illərdə milli iqtisadiyyatımız 3, qeyri-neft sektoru isə 2,8 dəfə artmışdır. Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraiti davamlı surətdə yüksəldilmiş, ümumi rifah yaxşılaşdırılmış, yoxsulluq və işsizlik minimuma endirilmişdir. Bütün bunlar qısa müddətdə onilliklərə bərabər inkişafın təcəssümü idi.
Azərbaycan tarixinin ötən illərinin reallığı göstərir ki, İlham Əliyev xalqın etimadını layiqincə doğrultmuş liderdir. 2020-ci ilin payızına qədər xalqımızın yeganə ağır problemi torpaqlarımızın işğal altında olması idi. Ona görə İlham Əliyevin prezident kimi fəaliyyətinin prioritetlərindən birini Ermənistanın işğal siyasətinə son qoyulması təşkil edirdi. Ötən illərdə İlham Əliyev Ali Baş Komandan kimi ordumuzun döyüş imkanlarını ən müasir səviyyəyə çatdırdı. Beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biridir.
Bu gün dönüb geriyə baxanda İlham Əliyevin ötən 4 ildə nə qədər möhtəşəm işlər gördüyünün, andiçmə mərasimində toxunduğu məsələlərin qısa dövrdə reallığa çevrilməsinin şahidi oluruq. Bu 4 ilin hər bir ili möhtəşəm və gələcəyimizə işıq salan, dövlətimizi yüksəldən, xalqımıza sonsuz sevinc bəxş edən hadisələrlə, uğurlarla, qələbələrlə zəngindir. 2018-ci ilin seçkilərindən sonrakı aylar Prezident İlham Əliyevin müəllifi olduğu möhtəşəm infrastruktur layihələrin icrasının başa çatması ilə əlamətdar oldu. Həmin ilin may ayının sonlarında “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi, əsas seqmentlərindən olan TANAP kəmərinin açılışı göstərdi ki, ulu öndərin əsasını qoyduğu enerji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu qlobal səciyyəli layihənin uöurla gerçəkləşdirilməsi bütün dünyaya bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan birgə əməkdaşlıq öhdəliklərini və vəzifələrini vaxtında yerinə yetirən, aydın strategiyası, dəqiq siyasəti olan bir dövlətdir. Bunlarla yanaşı, “Star” neft emalı zavodunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi, kosmosda üçüncü peykimizin orbitə çıxarılması isə sübut etdi ki, Azərbaycan qlobal layihələri öz gücünə həyata keçirməyə də qadirdir.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə təntənəli andiçmə mərasimində xalqımıza minnətdarlığını ifadə edən Prezident İlham Əliyev onu da bildirmişdi ki, gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə o günü yetişdirdi. Artıq ikinci ildir ki, işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağın qəlbi Şuşada üçrəngli müqəddəs bayrağımız qürurla dalğalanır. İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, heç kim bundan sonra bizi buradan çıxara bilməz.
İlham Əliyev son 2 əsrdə olaraq işğal olunmuş, itirilmiş torpaqlarımızı ilk dəfə azad edən qüdrətli sərkərdə, tariximizə ən şanlı Qələbəni yazan liderdir. Ona görə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər xalqımızın İlham Əliyevə olan inam və etimadını qat-qat artırıb-yüksəltdi. Eyni zamanda, bu zəfər Azərbaycanın bundan sonrakı inkişfı üçün də yeni perspektivlər açdı. Bu yolda xalqımız öz sevimli lideri İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək və tariximizə bundan sonra da möhtəşəm uğurlar həkk olunacaq.
Müzəffər Ali Baş Komandanın dünyaya bəyan etdiyi kimi, artıq “Dağlıq Qarabağ problemi” ifadəsi yoxdur. Bu problemə xalqımız İlham Əliyevin rəhbərliyi altında son qoydu. Bundan sonra Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan dövlətinin qanunları ilə yaşamaqdan başqa yolu yoxdur. Bu Qələbə həm də regionda yeni reallıqlara yol açıb. Bu mənada xüsusi qeyd edilməlidir ki, Prezident İlham Əliyev Ermənistanın işğal siyasətinə son qoymaqla həm də bütün türk dövlətlərinin daha da yaxınlaşmasına xidmət edən tarixi bir missiyanı yerinə yetirdi. Belə ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müddəa yer aldı.
Vaxtilə Zəngəzurun Ermənistana verilməsi ilə Türk dünyası arasında coğrafi parçalanma baş vermişdi. Azərbaycanın Qələbəsi artıq Zəngəzur vasitəsilə bütün Türk dünyasını birləşdirməyə yol açır. Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizləri həm də son onilliklərdə bərpa olunan tarixi İpək yolunun mühüm komponentini təşkil edəcək. Dünya super güclərindən biri olan Çin dövləti də Avropaya doğru Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin əhəmiyyətini və Prezident İlham Əliyevin bu yöndə təşəbbüslərini yüksək qiymətləndirir.
Ötən illərin təcrübəsi və reallığı göstərir ki, qeyri-sivil, milli maraqlarımıza zidd üsullarla Azərbaycana təsir və təzyiq etmək mümkün deyil. Prezident İlham Əliyev tam müstəqil, qətiyyətli siyasət yürüdür və torpaqlarımızın işğaldan azad olunması bunun bariz təsdiqidir. Azad olunmuş Qarabağ zonası sürətlə bərpa edilir və dirçəlir. Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da böyük nailiyyətlər qazanmaqla dostları sevindirəcək, bədxahlara isə məyus edəcək.