“Bir millət, iki dövlət” adlı beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqənin əsas məqsədi “Türkiyə - Azərbaycan dostluğu”nu türkiyəli və azərbaycanlı uşaqların gözü ilə görmək və hər iki ölkə arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir.
Azərbaycan Respublikasının regionlarında, həmçinin Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri və Türkiyə Respublikasının şagirdləri arasında təşkil olunan müsabiqəyə 700-ə yaxın rəsm işi göndərilmişdir. Peşəkar münsiflər heyəti tərəfindən türkiyəli və azərbaycanlı şagirdlər arasından 18 nəfər olmaqla, ümumilikdə 36 qalib müəyyən olunmuşdur.
Tədbirdə müsabiqədə qalib gələn iştirakçılar diplom və hədiyyələrlə təltif olunacaqlar. Eyni zamanda Mərkəzin “Təbəssüm” rəqs qrupu bir-birindən maraqlı rəqslərlə çıxış ediblər.
Həmin tədbirə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin nümayəndələri, Türkiyənin Azərbaycandakı Təhsil üzrə müşaviri Nihat Büyükbaş, Nəsimi Rayon İcra Hakimiyyətinin I müavini Gülarə Verdiyeva, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Şuşa Mədəniyyət və Turizm idarəsinin şöbə müdiri Zahid Abbasov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, Azərbaycan Respublikasının xalq rəssamı Ağaəli İbrahimov iştirak ediblər.