Şriftin ölçüsü :

Saytın rəngi :

“Bizim həyət” layihəsi çərçivəsində paytaxtın Nəsimi rayonunda növbəti həyət istifadəyə verilib.

07 oktyabr 2022 | 15:17

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət oktyabrın 7-də sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 64 və 20 Yanvar küçəsi 4/66 ünvanlarında 1500 sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğul olma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə iki söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və küçə heyvanları üçün evciklər quraşdırılıb.

Həyətdə yeni işıq dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları, kanalizasiya xətləri tam təmir olunub, asfalt və dam örtüyü yenilənib.

Mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 100 ədəd ağac əkilib, 1200 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daş sarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” (green barriers) yaradılıb. Yaşıl sədlər adi daş sarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini səmərəli şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir ki, onların digər bitkilərlə yanaşı əkilməsi hava çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verir.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər