Şriftin ölçüsü :

Saytın rəngi :

BSU-da "Heydər Əliyev İli" çərçivəsində Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfrans keçirilib

05 may 2023 | 09:54

Mayın 4-də Bakı Slavyan Universitetində (BSU) "Heydər Əliyev İli" çərçivəsində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev konfrans iştirakçılarını multikultural dəyərlərin mərkəzində salamlamaqdan məmnun olduğunu deyib. Rektor həyatını və fəaliyyətini Azərbaycanın tərəqqisi və inkişafına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən söz açıb. A. Nağıyev Ulu öndərin müstəqil Azərbaycan Respublikası qurulduqdan sonra dövlətin müxtəlif istiqamətlərdə fəaliyyətini müəyyənləşdirdiyini, onlar  arasında əlaqələr yaratdığını bildirib. O, qeyd edib ki, Ulu öndər Azərbaycan Respublikasının Konstitiusiyasını hazırlayıb referendumda təsdiq edib, dövləti və xalqı müdafiə etməyə qadir bir ordu yaradıb. Dağılmış iqtisadiyyatı dirçəltmək istiqamətində güclü iş apararaq, Azərbaycanın iqtisadi və siyasi istiqamətlərdə aparıcı ölkələrlə bağlılığını təmin edib. A. Nağıyev həmçinin, Ümummilli liderin təhsili, elmi, mədəniyyəti yüksəltdiyini, xalqın marağını hər işdə önə çəkdiyini vurğulayıb. Mütərəqqi dünya ölkələrinin sırasına qalxmaq, inkişaf etmiş ölkələrə inteqrasiya olmaq üçün tarixi işlər gördüyünü deyib. O, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruduğunu, digər ölkələrlə iqtisadi əlaqələri möhkəmləndirmək üçün işbirliyi yaratdığını, Azərbaycanın geosiyasi və tarixi şəraitə uyğun siyasətini müəyyənləşdirdiyini qeyd edib. “Heydər Əliyev xalqın ürəyində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl- Heydər Əliyev məşəli yandırmışdır.”-deyə rektor qeyd edib.

Rektor bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zaman başladığı tarixi missiyanı,  şərəfli və müqəddəs yolu sonradan müstəqil suveren Azərbaycan dövlətinin prezidenti kimi uğurla ardıcıl şəkildə davam etdirib. Ulu öndər hər zaman arxasında xalqının dayandığını hiss edib,  böyük səbr və həvəs nümayiş etdirərək fəaliyyətini uğurla qurub. Heydər Əliyevin uzunmüddətli  və genişmiqyaslı fəaliyyətində təhsilin inkişafına diqqət və qayğının həmişə mühüm yer tutduğunu deyən rektor təhsilin aktual problemlərini və perspektivliyini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli ideyalarının sözün əsl mənasında müasir pedaqoji fikir tariximizin nadir inciləri olduğunu vurğulayıb. Anar Nağıyev güclü məntiqə və qibtə olunacaq uzaqgörənliyə əsaslanmış həmin ideyaların həm keçmiş SSR dövründə, həm də müstəqillik illərində Azərbaycan təhsilinin inkişaf proqramına çevrildiyini deyib.

Rektor BSU-nun da inkişafının Ulu öndərin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırıb. Ümummilli liderin istər 1970, istərsə də sonrakı dövrlərdə bu ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. A.Nağıyev Ulu öndərin 13 iyun 2000-ci ildə imzaladığı və ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə xidmət edən Sərəncamı ilə keçmiş M.F. Axundov adına Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında  Bakı Slavyan Universitetinin yaradılmasının, ölkəmizin yeni inkişaf dönəmində atılmış mühüm addımlardan biri olduğunu deyib. Məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf  istiqamətlərinə uyğun olaraq BSU slavyan dilləri, ədəbiyyatı, mədəniyyəti üzrə tədrisin və tədqiqatın təşkili sahəsində regionda yeni aparıcı bir ali təhsil məkanının yaranması ilə nəticələndiyini deyib.

“Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad etmiş, sürətlə inkişaf edən ölkədir. Dövlətimiz bundan sonra daha da inkişaf edəcək, iqtisadi və siyasi  cəhətdən dünyanın ən güclü, qüdrətli, çiçəklənən bir ölkəsinə çevriləcək”- deyə Anar Nağıyev bildirib.

Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu mühüm  konfransa dəvət edildiyi üçün BSU rəhbərliyinə təşəkkür edib. Prezident İlham Əliyevin  müvafiq sərəncamla 2023-cü ili “Heydər Əliyev İli” elan etməsinin Azərbaycan xalqının istək və arzusunun Prezident tərəfindən gerçəkləşdirildiyini qeyd edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə baş verən  ictimai-siyasi proseslərdən danışaraq, Ulu öndərin milli dövlətçiliyimizin xilaskarı olduğunu deyib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov beynəlxalq konfransda iştirak etməkdən məmnun olduğunu bildirib.  Ümummilli lider Heydər Əliyevin bütün dövrlərdə xalqı qorumaq üçün hər bir sahədə atdığı mühüm addımlarla Azərbaycan tarixində silinməz iz qoyduğunu vurğulayıb.  Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış zəfərlə ölkəmizin regionda öz sözünü demiş güclü dövlətə çevrildiyini vurğulayıb.

Azərbaycan Respublikasının Elm  və Təhsil Nazirliyinin yanında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında Ulu  Öndərin təhsil sahəsində apardığı islahatlardan danışıb. Məhz həyata keçirilən həmin islahatların ölkə təhsilinin gələcək inkişafına zəmin yaratdığını deyib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev konfrans iştirakçılarını universitet kollektivi adından salamlayaraq, xalqı ağır sınaqlardan çıxarmış Ümummilli lider Heydər Əliyevin  daim dərin ehtiramla yad edildiyini qeyd edib.  Ulu öndərin həyata keçirdiyi uğurlu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini,  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış qələbənin təməlinin Ulu Öndər tərəfindən qoyulduğunu vurğulayıb.

Sonra Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və siyasi irsini əks etdirən videoçarx nümayiş etdirilib.

Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqappor Qırğızbayev Ulu Öndər Heydər Əliyevin  Özbəkistan və Azərbaycan əlaqələrinin inkişafında xüsusi rolundan danışıb. Hər iki dövlət arasındakı əlaqələrin çoxəsrlik tarixə malik olduğunu vurğulayıb. Hazırda bu dostluq münasibətlərinin Prezident İlham Əliyev tərəfindən  istər elm, istər siyasət, istərsə də mədəni sahədə uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Rusiya Federasiyasının Moskva Dövlət Pedaqoji Universitetinin rektoru Aleksey Lubkov Heydər Əliyevin keçmiş sovetlər dövründə fəaliyyətindən, xüsusilə təhsil sahəsində gördüyü işlərdən  danışıb. Heydər Əliyevin təşəbbüsü ilə o dövrdə həyata keçirilən islahatların bu gün İlham Əliyev tərəfindən həyata keçirilən quruculuq irsinin davamı olduğunu deyib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən bəhs edən rektor BSU ilə gələcək mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Gürcüstan Respublikasının Kutaisi Dövlət Universitetinin rektoru Şalve  Kirtadze  dəvətə  görə BSU rəhbərliyinə təşəkkür edib. Hələ sovet dövründən Heydər Əliyevin Gürcüstanla münasibətlərə xüsusi önəm verməsindən danışan rektor Ulu öndərin Azərbaycan-Gürcüstan münasibətlərini yüksək səviyyəyə qaldırdığını, ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verdiyini nəzərə çatdırıb. Şalve  Kirtadze  BSU ilə Kutaisi Universiteti arasında əməkdaşlığın  genişləndirilməsi üçün səfər çərçivəsində müzakirələr aparıldığını qeyd edib. BSU rəhbərliyini yaxın aylarda  univerisitetdə keçiriləcək  tədbirə dəvət edib. O, öz çıxışında Azərbaycanın uğurlarının davam etdiyini və  Prezident İlham Əliyevin yeni güclü Azərbaycan yaratdığını deyib.

Rusiya Federasiyasının Ural Federal Universitetinin rektoru Viktor Kokşarov  Heydər Əliyevin hələ sovet dönəmlərində Azərbaycanı dirçəltməsindən,  ittifaq səviyyəsində öndə gedən respublikalardan birinə çevrilməsinə təkan verməsindən söz açıb. Konfransda iştirak edən müxtəlif ölkələrin univeristetlərinin bu platformadan istifadə edərək, birgə yeni əməkdaşlığa yol açaçağını qeyd edib. Təmsil etdiyi universitet haqqında təqdimatla çıxış edərək, çoxprofilli ali təhsil müəssisəsi olduğunu qeyd edib. Azərbaycan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor azərbaycanlı həmkarları ilə birlikdə elmi-akademik mübadilə imkanlarını vurğulayıb. Rektor təmsil etdiyi universitetdə azərbaycanlı tələbələrin də təhsil aldığını deyib.

Sonra Polşa Respublikasının Torun Universitetinin professoru, “Marşalek Holdinq” nəşr evi İdarə Heyətinin sədri Adam Marşalekin video müraciəti nümayiş olunub.  Rektor konfransın əhəmiyyətindən söz açaraq,  iştirakçılara uğurlar  arzulayıb, bölmə iclaslarında məhsuldar müzakirələrin olacağına inamını ifadə edib.

Türkiyə Respublikasının YÖK prezidentinin müşaviri Haşim Koç xüsusi əhəmiyyətli konfransa dəvətə görə BSU rəhbərliyinə təşəkkür edərək, belə bir tədbirdə iştirak etməkdən məmnun olduğunu deyib. O, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq əlaqələrindən danışaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətlərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən yüksək mərhələsinə keçid etdiyini bildirib.

Konfransda Qazaıxstan Respublikası L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, akademik Yerlan Bakttaşeviç Sadıkovun təbrik məktubu səsləndirilib. Məktubda Qazaxıstan və Azərbaycan əlaqələrinin inkişaf perspektivlərinin əsasının Ulu öndər tərəfindən qoyulduğu, Prezident İlham Əliyevin bu ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə təkan verdiyi qeyd olunub. Həmçinin, universitetlər arasında geniş əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyəti də vurğulanıb.

Konfransın açılış mərasimi bədii hissə ilə davam edib.

 

Keçidlər