Şriftin ölçüsü :

Saytın rəngi :

BSU-da "Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə metodiki tövsiyələr" kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

18 oktyabr 2023 | 11:25

Bakı Slavyan Universitetində (BSU) “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi. Metodiki tövsiyələr” kitabının ingilis dillində “For the explosives ordnance (EORE) risk education of the staff and students (pupils) of educational institutions on the danger of Iandmines and explosive ordnahce “Manual methodological recommedations” nəşrinin təqdimatı keçirilib.

Tədbirdə Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Fuad Bədəlov, Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev,  Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, II Qarabağ müharibəsinin qaziləri və digər qonaqlar, həmçinin universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan rektor Anar Nağıyev ötən həftə Azərbaycan üçün tarixi əhəmiyyətli hadisənin - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illik yubileyinin qeyd olunduğunu deyib. Rektor Prezident İlham Əliyevin hakimiyyəti illərində xüsusi ilə də “Heydər Əliyev İli” çərçivəsində qarşıda duran yeni məsələlərin həllinə nail olunduğunu qeyd edib. Şanlı zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən danışan rektor Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlar sırasında BSU-nun şəhid məzunlarının da olduğunu bildirib.

Rektor Anar Nağıyev düşmənin 30 illik işğalı nəticəsində Azərbaycan ərazilərinin ən çox minalanmış ərazilərdən biri olduğunu vurğulayıb. Minatəmizləmə ilə bağlı müxtəlif beynəlxalq konvensiyaların qəbul olunduğunu bildirən rektor bu sənədlərdə minaların sülhə qarşı təhdid kimi təqdim edildiyini deyib.

    Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və idarəçiliyi sayəsində ölkənin iqtisadi bünövrəsinin formalaşdığını bildirib. O, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin təmin edildiyini deyib. Minatəmizləmə işlərinin əhəmiyyətindən söz açan nazir müavini bu işin çətinliyindən bəhs edib. Mina və partlayıcı hərbi sursatların təhlükəsi ilə bağlı maarifləndirilmə işinin təşkili ilə bağlı Elm və Təhsil Naziriliyi tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib, hazırlanan metodik vəsaitin ingilis dilində nəşr edilməsinin əhəmiyyətindən bəhs edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov böyük qələbədən sonra ölkəmizin mina problemi ilə üzləşdiyini bildirib. O deyib ki, 30 il ərzində düşmən kəndləri, şəhərləri məhv etməklə yanaşı, minalanma siyasəti həyata keçirib. Sonra Vüqar Süleymanov ANAMA-nın tarixinə qısa nəzər salaraq, qarşıya qoyulan məqsədlərdən söz açıb. O, işğaldan azad olunmuş ərazilərdə dövlət layihələrinin həyata keçirilməsi üçün ciddi işlər görüldüyünü vurğulayıb.

Nəsimi rayon icra hakimiyətinin başçısı Asif Əsgərov bu il ölkəmizdə Ulu Öndər Heydər Əliyevinin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev İli” nin qeyd edilməsinin qürurverici tarixi hadisə olduğunu bildirib. O, 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbədən söz açıb. Asif Əsgərov ANAMA tərəfindən verilən tövsiyələrə əməl olunmasının vacibliyinə toxunub. Bu metodik nəşrin maarifləndirmə işinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

ADPU-nun rektoru Cəfər Cəfərov işğaldan azad edilmiş ərazilərdə sürətli inkişafın təmin olunması üçün hər kəsin xüsusi səylər göstərməli olduğunu deyib. Rektor sözügedən metodik tövsiyənin əhəmiyətindən danışaraq onun bu sahə üzrə möhkəm baza rolunu oynayacağını bildirib.
Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə ərsəyə gələn metodik vəsaitin hazırlanma prosesindən bəhs edib.

SDU-nun rektoru Rüfət Əzizov Vətən müharibəsində əldə edilmiş qalibiyyətin davamlı olaraq saxlanılmasının vacibliyinə toxunub. Bu proses zamanı xarici təcrübələrin öyrənildiyini qeyd edərək minatəmizləmə ilə bağlı müvafiq startapların, innovativ layihələrin hazırlanmasının vacibliyindən söz açıb.

Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Fuad Bədəlov Şərqi-Zəngəzur iqtisadi rayonunda həyata keçirilən quruculuq işləri barəsində ətraflı məlumat verib. Ötən ilin sentyabrında Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs başladığını diqqətə çatdırıb. Fuad Bədəlov istifadəyə verilmiş məktəblərdə şagird və müəllimlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təhsil müəssisələrində bu səpkidə müxtəlif tədbir və görüşlərin keçirildiyini qeyd edib.

Keçidlər