BSU-da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş konfrans keçirilib
Dekabrın 12-də Nəsimi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatı və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə BSU-da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda konfrans keçirilib.
Konfransda BSU-nun rektoru Anar Nağıyev, Nəsimi RİH-in başçısı Elxan İbrahimov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP-ın Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında, milli kadr potensialının yaradılmasında, elm və təhsilin inkişafında misilsiz rolunu vurğulayıblar. Qeyd olunub ki, onun müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.






