Cavadxan 32, 36 saylı ünvanlarında abadlıq-quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Cavadxan 32, 36 saylı ünvanlarda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir. Həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək ərazidən çıxarılıb, budanma təmizlik işləri aparılıb.
Nəzərdə tutulmuş işlər çərçivəsində ümumi yaşayış binaların fasadı və dam örtüyü əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binaların giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunub, giriş pilləkənləri və istinad divarları aqlay daşla üzlənib.
Eyni zamanda həyətdə suvarma və işıqlandırma sistemləri çəkilib, təhlükəsizlik kameraları quraşdırılıb, avtomobillərin saxlanılması üçün xüsusi yerlər və əlil arabalarının hərəkəti üçün panduslar yaradılıb. Həyətdə istinad divarları və pilləkənlər tikilib, mövcud pilləkənlər əsaslı təmir olunub, aqlay daşla üzlənilib.
Hal-hazırda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri aparılır, torpaq, tamet-bardur daşlarının vurulması işləri görülür. Həyətdə kiçik tullantılar üçün qabların qoyulması nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.