Şriftin ölçüsü :

Saytın rəngi :

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır

03 iyun 2024 | 10:32

İqlim dəyişmələri, onun yaratdığı fəsadlar, təbiətə qarşı ögey münasibət və s. bəşəriyyəti çətin sual qarşısında qoyub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının toplantılarında da bu və ya digər suallara cavab axtarılır.
Hər dəfə müxtəlif ölkələrdə keçirilən son konfrans - COP28 ötən ilin axırlarında Birləşmiş Ərəb Əmirliklərində keçirildi. Bu mötəbər konfransda növbəti tədbirin keçirilməsinə evsahibliyi etmək üçün namizədliyini geri götürən Ermənistanın ardınca Bolqarıstan da eyni addımı atdı. Azərbaycan yekdilliklə COP29-un keçirilməsi üçün ev sahibi seçildi. Bu seçim Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisi, ölkəmizə göstərilən böyük etimad, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin nəticəsidir.

Ölkəmizin iqtisadi uğurları, reallaşdırdığı qlobal layihələr, mövcud olan tolerant ictimai mühit Prezident İlham Əliyevin fenomenal idarəçilik təcrübəsinin göstəriciləridir. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi həm də dövlətimizin, onun başçısının dünya səviyyəsində öncül mövqedə qərarlaşdığının təsdiqidir. Prezident İlham Əliyev demişdir: "Bu hadisənin önəmi o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi".

Ermənilər Azərbaycan torpaqlarında ekoloji terroru 36 il əvvəl Şuşanın Topxana meşəsindəki cinayət əməlləri ilə başlamış və işğaldan sonra cinayət əməllərinin coğrafiyasını daha da genişləndirmişlər. Mayası terrorla yoğrulan hayların 30 ildən artıq Qarabağı və Şərqi Zəngəzuru işğal altında saxlaması həmin ərazilərin bitki və heyvanlar aləminin  məhv edilməsinə səbəb olmuş, atmosfer, su mənbələri, torpaqlar bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalmışdır. Yəni regionda ekoloji tarazlıq pozulmuşdur. Odur ki, 44 günlük Vətən müharibəsindəki Zəfərimizi ekoloji cəhətdən də misli-bərabəri görünməmiş qələbə saymaq olar.

COP29 kimi mötəbər bir tədbirin - dünya əhəmiyyətli qərarların qəbul ediləcəyi, gələcəyimiz olan övladlarımızın təmiz, pak bir iqlimdə yaşaması üçün müzakirələrin aparılacağı forumun ölkəmizdə keçirilməsi o deməkdir ki, dünya dövlətləri iqlim dəyişikliyi kimi taleyüklü bir problemin həlli üçün Azərbaycana toplaşacaqlar.  Sayılıb-seçilən dövlət və hökumət başçıları, iqtisadçılar və ekoloqlar ekoloji problemlərin həlli yollarını Bakıda müzakirə edərək qərar qəbul edəcəklər. Bu, sıradan fakt, növbəti beynəlxalq toplantı deyil, Azərbaycana göstərilən etimaddır.

Yaşadığımız ərazi dünyanın ən gözəl guşələrindən biridir, bizim üçün bəlkə də birincisidir. Amma bütün dünyada baş verən ekoloji problemlər, o cümlədən iqlim dəyişiklikləri və onun fəsadları bizi də rahatsız edir. Son 100 ildə, xüsusən axırıncı onilliklərdə bu fəsadlar göz önündədir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun son qiymətləndirmə hesabatına görə, axırıncı bir əsr ərzində Yer kürəsində orta temperatur 0,8 dərəcə artmışdır. Belə temperatur artımı ilk növbədə insanın fəaliyyəti, yəni antropogen faktorlarla əlaqədardır. Təbii ki, texniki tərəqqi atmosferə müxtəlif, xüsusən istilik effekti yaradan qazların və digər birləşmələrin buraxılmasına, iqlimin kəskin dəyişikliklərinə, müəyyən ərazilərdə bu dəyişikliklərin təşviş doğuracaq səviyyəyə qədər yüksəlməsinə gətirib çıxarmışdır. Okeanda isti axınların temperaturunun daha da yüksəlməsi onunla izah edilir ki, indi suyun qızması artıq 2000 metr dərinliyə qədər gedib çatmışdır, başqa sözlə, 2 dəfə yüksəlmişdir. Bu qlobal xarakterli problem 1995-ci ildə ilk konfransı keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının -  COP Konvensiyasının yaranmasını zəruri etmişdir.

Konvensiya yarandığı zamandan ən fəal surətdə iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulmuş Azərbaycan bütün dünyaya örnək olan addımlar atır. İşğaldan azad edilmiş ərazilərin Azərbaycan Prezidentinin təklif və tövsiyələri ilə "yaşıl enerji" zonası elan edilməsi bütün dünya dövlətlərinə çağırış və nümunədir. Layihələndirmə əsasında dövlətimiz tərəfindən 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılması hədəf götürülmüşdür. Növbəti mərhələdə, yəni 2050-ci ilə qədər bu qazların miqdarının 40 faiz azaldılacağı nəzərdə tutulur.

Hər zaman olduğu kimi, Azərbaycan qlobal problemlərin həllində də fəal iştirak edir və dünya dövlətlərinə nümunə sayılacaq addımlar atır. Azərbaycan Prezidenti bu barədə demişdir: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

Vaqif  ŞADLİNSKİ,

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor

Keçidlər