DAHILIK SIMVOLU
Xalqımız tərəfindən 15 İyun - Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər.
Çünki Azərbaycanın müasir tarixində, hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı qurtuluş Azərbaycan xalqının istəyinin və iradəsinin ifadəsi kimi qəbul olunur.
Ölkəmizin tarixinin ən həssas dövründə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın mövcudluğunun, müstəqilliyinin və gələcək inkişafının yeganə və həlledici səbəbi kimi qavranılır. Bu gün o dövrə qayıdarkən və Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib müqayisə apararkən Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın müasir tarixində və hər bir vətəndaşın həyatında nə qədər önəmli hadisə olduğunu dəyərləndirmək çətin olmaz. Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın müstəqilliyinin xilası idi. Bu, Heydər Əliyevin xilaskarlıq missiyasını özündə ehtiva edirdi.
Dünyada çox az düha sahibinə tarixi qayıdış etmək hünəri qismət olub. Dahi şəxsiyyət, dünyaşöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin tarixi qayıdışı ilə ölkəmiz əzəmətli dəyişikliklərə, milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə nail olub. Bu, bir həqiqətdir. Məhz Ulu Öndərin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün ömrünü xalqımızın firavan həyatına, xoşbəxt gələcəyinə sərf etdi, milli dövlətçiliyimizin banisi kimi Azərbaycan xalqının Ümummilli Lideri oldu.
Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı uzun müddətdən sonra - 1991-ci ilin oktyabrında öz müstəqilliyinə yenidən qovuşsa da, təəssüf ki, müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün təsisatlarında bir boşluq, yerlərdə isə mərkəzi hakimiyyətə inamsızlıq hökm sürürdü. Yaranmış fürsətdən istifadə edən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaradırdı. Ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması bütövlükdə Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planını tam gücü ilə reallaşdırmağa hesablanmışdı. Bütün bunların fonunda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz edərək hərtərəfli xarici dəstəklə həyata keçirdiyi işğalçılıq siyasəti vəziyyəti daha da gərginləşdirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Belə bir çətin vəziyyətdə - 1993-cü il iyunun 9-da müstəqil Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı olan parlaq səhifə açıldı. Azərbaycan xalqı müdriklik göstərdi və 1993-cü ildə - vətəndaş müharibəsi ərəfəsində Ulu Öndər Heydər Əliyevə müraciət etdi.
Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya gəldi, iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız müstəqilliyi itirmək təhlükəsindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı.
Siyasi rəhbərliyə dəvət edilən Ulu Öndərin müdrikliyi, cəsarəti, millətə olan məhəbbəti və xalqın ona olan inamı nəticəsində Azərbaycan o böhranlı vəziyyətdən çıxa bildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Azərbaycan kimi qədim dövlətçilik tarixinə, milli ruha malik xalqı uzun müddət tabeçilikdə saxlamağın, diktə siyasətini həyata keçirib, istismarçı sosial-iqtisadi sistemi qoruyub saxlamaqla milli bərabərsizliyi və zülmü təbliğ etməyin, anarxiya, qanunsuzluq, qardaş qırğınının mümkünsüzlüyünü məhz Qurtuluş Günü sübut etdi. Xalqımızın təkidli xahişlə heç kimə deyil, məhz Ulu Öndər Heydər Əliyevə müraciət etməsi, yalnız bu dahi şəxsiyyətə güvənməsi də Qurtuluş Gününün milli məsələ, qürur və ləyaqət məsələsi olduğundan xəbər verir. Bütün bu məfhumların simvolu isə dahi şəxsiyyət, məhz xalq qarşısında etdiyi əməllərə görə Ümummilli Lider adını qazanan Heydər Əliyevdir.
Ulu Öndər ən çətin zamanda dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qorumaqla, ölkəmizdə ictimai-siyasi sabitliyi və vətəndaş həmrəyliyini təmin etməklə bu günümüzə müstəqil Azərbaycan dövlətini bəxş etdi. Bununla da ən yeni tariximizdə əbədi yaşamaq hüququ qazandı.
Vətən müharibəsində qazandığımız tarixi zəfərimizin qürurunu yaşadığımız son üç ildə Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət, sosial-iqtisadi inkişaf və yenilməz ordu quruculuğundakı xidmətlərini bir daha böyük ehtiramla anırıq.
Ümummilli Liderimiz Heydər Əliyev öz fitri istedadı, dərin zəkası, bilik və bacarığını Azərbaycan xalqının firavan yaşamasına həsr edərək, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmağı bacardı. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq Ulu Öndəri bütün həyatı boyu seçilmiş lider kimi fərqləndirib. Dahi rəhbər istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində daim öz doğma xalqına və ölkəsinə ləyaqətlə xidmət edib. Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, ölkədə baş alıb gedən xaos və anarxiyanın, hakimiyyətsizliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə geniş imkanlar açdı. Sosial ədalət, milli həmrəylik təmin edildi.
Ulu Öndər ölkəmizdə ictimai-siyasi vəziyyətin böhranlı dönəmdə öz həyatını belə təhlükə altında qoyaraq, bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Qısa zaman kəsiyində əvəzolunmaz lider respublikamızın iqtisadi yüksəlişinə nail oldu, onun beynəlxalq nüfuzunun yüksəlməsində əzmkarlıq nümayiş etdirdi.
Beləliklə, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş dahi rəhbərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. "İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir" deyən Ulu Öndərin rəhbərliyi ilə respublikamızın iqtisadiyyatının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Təbii ki, hər bir bayram keçilən yolun təhlilinə bələdçilik edir. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin aydın ifadəsini yaratmaqla yanaşı, onun ideyalarının dünənimiz, bu günümüz və gələcəyimiz üçün əsas olduğunu bir daha indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.
Bu günümüzün reallıqları Qurtuluş Gününün Azərbaycanın qarşısında hansı imkanları açdığına işıq salır. Dünya tarixinə istinadən bu fikir qeyd edilir ki, böyük şəxsiyyətlərin ideyaları yalnız bu gün deyil, gələcək üçün yol göstərən olur. Məhz bu ideyalar inkişaf strategiyasının istiqamətlərini müəyyənləşdirir, yeni-yeni hədəflərin gerçəkliyə çevrilməsini şərtləndirir. Dahi şəxsiyyət Heydər Əliyevin "əbədiyaşar lider" kimi təqdimatında da onun xidmətləri ilə yanaşı, sabahımıza işıq salan ideyaları əsas rol oynayır. Hər kəs bu ideyaların həyata keçirilməsinə, Heydər Əliyev irsinin öyrənilməsinə və təbliğinə öz töhfəsini verməli, dahi şəxsiyyətin şah əsəri olan müstəqil müasir Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərməlidir.
2020-ci il tariximizə Zəfər ili kimi yazıldı. Məhz 1993-cü ilin 15 iyununda başlayan milli qurtuluş yolu 2020-ci ilin 8 noyabrında Azərbaycana öz tarixinin ən böyük zəfərini yazmaq imkanı yaratdı. Azərbaycan xalqının qurtuluşdan zəfərə gedən yolu həm də Azərbaycan xalqının zəfər tarixidir.
Bu gün hər birimiz qalib bir ölkənin vətəndaşı olaraq qürurluyuq. Fədakar, vətənpərvər əsgər və zabitlərimiz ərazilərimizi cəmi 44 gündə azad etdi. Əldə etdiyimiz bu tarixi zəfərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasəti, yenilməz, rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin şücaəti, qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində nail olduq.
Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq. Təbii ki, bu qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və Azərbaycan əsgərinə, bu tarixi qanı, canı ilə yazan şəhidlərimizə və qazilərimizə borcluyuq. Xalqla iqtidarın monolit birliyi Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyi qələbə sevincini yaşatdı və 30 ilə yaxın işğalda olan ərazilərimizi, torpaqlarımızı əsl sahibinə - xalqımıza qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı.
Hər zaman olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı daimidir. Ölkə başçısının və Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, cəmiyyətimiz tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Göründüyü kimi, şəhid ailələrinin, müharibə əlillərinin daim diqqətdə saxlanılması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerləyeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Bu il xalqımız üçün olduqca əlamətdardır. Belə ki, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edirik. Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların əsasında Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Ümummilli Liderimiz Heydər Əliyev elə bir müstəqil dövlət yaradıb ki, onun əzəmətli dayaqları üzərində Azərbaycan daim inkişaf edəcək və möhtəşəm nailiyyətlər qazanacaq.
Bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlu gələcəyə aparır. Azərbaycan və Heydər Əliyev adı əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Asif ƏSGƏROV,
Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı