Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbdə Bilik günü qeyd olundu.
Bu gün Respublika məktəblərində dərslərin başladığı gün kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra məktəbin direktoru Kəmalə Qədirova məktəbin şagird və müəllim kollektivini təbrik edərək məktəbin uğurları barədə məlumat verdi.
Sonra Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov çıxış edərək, “ Bilik günü “ münasibətilə kollektivi və məktəbə yenicə qədəm qoymuş birinciləri, eləcə də onların valideynlərini təbrik etdi, onlara ən xoş arzularını bildirdi. Ötən tədris ilinin Nəsimi rayonu üçün uğurlu olduğu diqqətə çatdırıldı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiklərini vurğuladı.
Natiq bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirdi. Qeyd edildi ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır.
Tədbirdə çıxış edən müəllim və valideynlər təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər.
Tədbirlər şagirdlərin hazırladıqları bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.