“Erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi” mövzusunda seminar-görüş keçirilib.
Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə Nəsimi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyat şöbəsi ilə birgə “Erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi” mövzusunda seminar-görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayonu 35 nömrəli tam orta məktəbin direktoru Rəna Naibova tədbir iştirakçılarını salamlamış və erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi mövzusunda seminarın əhəmiyyətindən danışaraq hal-hazırda qızların hüquqlarının müdafiəsi bəşəriyyətin qarşısında duran vacib və qlobal vəzifələrdən bir olduğunu, eyni zamanda dünyada aktuallıq kəsb edən məsələlərdən biri də erkən nikahlar olduğunu qeyd etdi.
Daha sonra bildirildi ki, bu cür tədbirlərin rayonun ali və orta təhsil ocaqlarında mütəmadi keçirilməsinin məqsədi uşaqların erkən evliliyə məcbur edilməsinin nəticəsi kimi onların təhsildən kənarlaşdırılmasının qarşısını almaq, uşaqların həyat və sağlamlığı üçün təhlükə yaradan halların aradan qaldırılmasıdır. Erkən nikahlar qızların təhsilalma həvəslərini və imkanlarını azaldır, eyni zamanda sağlamlığa da təhlükə yaradır.
Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Şəfəq Salmanlı bu problemlərin həll olunması üçün valideyn, müəllim və məktəb psixoloqları ilə birgə əməkdaşlıq etməyinin əhəmiyyətindən, erkən nikahların qarşısının alınmasının səbəblərinin araşdırılması, müdafiə mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi, reablitasiyası və cəmiyyətin inteqrasiyası mövzularında çıxış etdi. Çıxışına davam edən natiq erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaratdığını, belə halların boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu qeyd etdi.
Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır. Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Azərbaycanda uşaqların, o cümlədən qızların hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülmüş, gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunları bu sahədə olan problemlərin həllinə yönəlib. 2011-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırılması bu sahədə aparılan dövlət siyasətinin ən mühüm göstəricilərindən biridir.
Sonda tədbir iştirakçılarının sualları altında diskussiya ilə davam etdirilmiş, gündəlikdə duran məsələlər geniş müzakirə edilərək aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilmişdir.