Şriftin ölçüsü :

Saytın rəngi :

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nəsimi Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib

23 dekabr 2024 | 12:33

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nəsimi Rayon İcra Hakimiyyətində “Nəsimi rayonunda 2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayon təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən RİH başçısının müavini Zahid Xəlilov bildirdi ki, hesabat ili ərzində Nəsimi rayonu üzrə mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi Azərbaycan Respublikası Prezidentinin,  Nazirlər Kabinetinin mülki müdafiənin təmin edilməsi haqqında müvafiq Sərəncam və Qərarlarına, digər normativ hüquqi  sənədlərə uyğun olaraq təşkil edilmişdir.

Natiq cari il ərzində rayonda görülmüş işlər barədə geniş məlumat verərək, həyata keçirilən tədbirlər nəticəsində baş vermiş yanğınların ötən illə müqayisədə azaldığını qeyd edərək mülki müdafiə və yanğınlarla mübarizə sahəsində birgə fəaliyyətin vacibliyini vurğuladı.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini mayor Vüsal Məmmədzadə çıxışında görülmüş işlərin əhəmiyyətindən danışaraq mövcud problemlərin aradan qaldırılmasının vacibliyi barədə müvafiq təklif və tövsiyyələrini verdi.

Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Anar Seyidməmmədov  “Nəsimi  rayonu üzrə Mülki müdafiənin vəziyyəti” mövzusunda  məruzə edərək qeyd etdi ki, il ərzində Nəsimi rayonu ərazisində mülki müdafiə tədbirlər planına əsasən 26 mülki müdafiə günü, 174 rəhbər heyətin MM məşqi,  218 xəbərdarlıq və toplanış üzrə məşq planlaşdırılmış, keçirilməsinə metodiki köməklik göstərilmiş və nəzarət olunmuşdur. Keçirilən bütün Mülki müdafiə məşqləri qənaətbəxş səviyyədə olmuşdur.

Daha sonra FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Fuad Orucov “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, FHN Nəsimi rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Natiq Şıxəliyev “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edərək Nəsimi  rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər və 2024-cü ilin müvafiq dövründə baş vermiş yanğın hadisələrinin  statistikası barədə  məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.

Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizamı Mayılov “Yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər”, Nəsimi rayonu Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Böyükağa Qasımov “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Bakı Regional Qaz İstismarı Departamentinin Nəsimi rayonu üzrə Texniki İstismar Xidmətinin mühəndisi Ruslan Ağakişiyev “Rayonda qaz təsərrüfatının mövcud  vəziyyəti, problemlər və həlli yolları”, Nəsimi rayonu Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru Əli Novruzov “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili”, 5 saylı Təcili və Təxirəsalınmaz Köməkçi Tibbi Yardım Stansiyasının baş həkimi Əkbər Qədimov “Yanğın zamanı ilkin tibbi yardım” mövzusunda çıxış edərək rayonda Mülki Müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud probləmlər haqqında ətraflı məlumat verdilər.

Tədbirin yekununda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər