Şriftin ölçüsü :

Saytın rəngi :

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nəsimi Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

28 noyabr 2023 | 10:10

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nəsimi Rayon İcra Hakimiyyətində “Nəsimi rayonunda 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd payız-qış mövsümü ərəfəsində rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayon təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon ərazisində yanğın təhlükəsizliyinin təmin olunması üçün görülən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verərək, rayon sakinləri arasında bu istiqamətdə aparılan təbliğat işinin əhəmiyyətindən danışıb. Öz növbəsində tədbirin əhəmiyyətini qeyd edib, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra çıxış edən Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov yanğın hadisələrinə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb, yaşayış massivlərində sakinlərin avtomobillərini nizamsız parklanmasının, məhəllə girişlərində qurulan qeyri-qanuni maneələrin yanğın-xilasetmə əməliyyatlarına əngəllər törətdiyini qeyd edərək, yerli icra və özünüidarəetmə orqanlarını belə hallarla birbaşa mübarizəyə çağırıb. O, həmçinin rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.

Daha sonra tədbirdə çıxış edənlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” və “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” mövzularında ətraflı məlumat veriblər. Həmçinin, Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində aparılmış monitorinqin nəticələri müşavirə iştirakçılarına təqdim edilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirədə mövzulara dair videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

 

Keçidlər