“Gender əsaslı məişət zorakılığı insan hüquqları konteksində” mövzusunda tədbir keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətində “Gender əsaslı məişət zorakılığı insan hüquqları konteksində” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda Nəsimi rayon İcra Hakimiyyətində yaradılan Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, bələdiyyə, ümumtəhsil məktəblərinin psixoloqları, gənclər iştirak edib.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini tədbiri giriş sözü ilə açaraq bu günki tədbirin Beynəlxalq Gender əsaslı zorakılığa və uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair kampaniyaya öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.
Eyni zamanda Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Gülarə Verdiyeva çıxış edərək, 25 noyabr tarixinin bütün dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü, 10 dekabr tarixinin isə Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edildiyini, bu iki tarix arasında dünyada beynəlxalq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının keçirildiyini bildirib və bu kampaniyanın qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırdığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülür.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı görülmüş işlərdən danışıb və hüquq-mühafizə orqanları tərəfindən zorakılıq hallarının aşkarlanması, bu sahədə mübarizə tədbirlərindən bəhs edilib.
Zorakılığa yol açan səbəblərin başında narkomaniya, təhsilsizlik, iqtisadi asılılıq, hüquqi bilgisizlik, patriarxal mədəniyyətin dayandığını vurğulayan tədbir iştirakçısı Zorakılığa məruz qalan şəxslərin çox vaxt belə halları gizli saxladığını, aidiyyəti orqanlara gec müraciət edildiyini bildirib və ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin, məişət zorakılığı sahəsində hüquqi maarifləndirmənin vacibliyini qeyd edib.
Daha sonra erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, psixologiyalarına mənfi təsir göstərdiyini qeyd edilib. Erkən nikahın gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin bir sıra fəsadlar yaratdığını bildirilib. Belə halların sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu diqqətə çatdırılıb.
Zorakılığa qarşı ilk növbədə ailələrdə və orta məktəblərdə maariflənmə aparılmasının və gələcəyin sağlam ailəsinin təməlinin bu gün yetişməkdə olan sağlam dünyagörüşlü gənclər olduğunu vurğulanıb. Bunun üçün məktəb psixoloqları və valideynlərin daim əlaqəli işləməsinin vacibliyini qeyd edilib.
Seminarın sonunda iştirakçılar gender əsaslı zorakılığa qarşı tədbirlərin davamlı olması və bu sahədə maarifləndirmənin gücləndirilməsi barədə təkliflər səsləndiriblər.