Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi tamam olur.

28 aprel 2023 | 07:40

Adı hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənən akademik Zərifə Əliyeva bu gün də insanların qəlbində işıq və nur bəxş edən görkəmli şəxsiyyət kimi yaşayır. Akademik Zərifə Əliyeva peşəkar həkim və alim olmaqla yanaşı, həm də görkəmli ictimai xadim idi. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Bu adların, mükafatların hər biri qürur, iftixar mənbəyidir. Ən şərəflisi isə böyük iftixarla daşıdığı Ana adıdır.

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1949-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.

Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Taleyini tibb elminə həsr edən akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, bu xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində böyük xidmətlər göstərib.

Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı.

Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Zərifə xanım Əliyeva 1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18 oktyabrda Sevil Əliyeva, 1961-ci il 24 dekabrda İlham Əliyev dünyaya gəlmişdir.

Tale Zərifə xanıma əfsanəvi bir həyat yazmışdır. O, Əziz Əliyev kimi görkəmli dövlət və elm xadiminin ailəsində dünyaya göz açmış, dünya şöhrətli bir ölkə rəhbərinin həyat yoldaşı olmuş, Azərbaycana layiqli prezident olan bir oğul bəxş etmişdir. O, həyatı boyu bütün qüvvə və bacarığını doğma xalqına xidmətə həsr etmiş və ömrünün sonunadək bu amala sadiq qalmış, özünün yüksək intellekti, həssaslığı, insanlara qayğı və diqqəti sayəsində xalqın dərin hörmətini, sevgisini qazanmışdır.

Çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilir, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur. 

Azərbaycanın ümummilli lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi.

Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır.

Ulu öndərin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli hümanitar missiyası bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənəsini  gətirmişdir. Onun həyat müəllimləri isə özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev  və Azərbaycan qadınının şərəf mücəssəməsi Zərifə xanım Əliyeva olmuşlar. Bəli, Mehriban xanım Zərifə xanımın missiyasını layiqincə, şərəflə davam etdirir.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Keçidlər